Aşıq Zülfiyyə İbadovanın boşanmaların səbəbləri və ailə münasibətlərində valideynlərin rolu ilə bağlı açıqlamaları müzakirələrə yol açıb.
Sənətçi boşanmaların əksəriyyətində qız tərəfinin valideynlərinin mövqeyini əsas səbəblərdən biri hesab edir. Onun fikrincə, valideynlərin övladlarının ailə həyatına müdaxiləsi və ailənin qorunmasına münasibəti nikahın gələcəyinə ciddi təsir göstərir.
Aşıq Zülfiyyə bildirib ki, qız tərəfinin qohumu olsa belə, ailədaxili mübahisələrdə oğlan tərəfini müdafiə edər:
"Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir. 99 faiz boşanmalar... Mən qız tərəfinin qohumu olsam da, oğlan tərəfindən danışaram, deyərəm ki, oğlan tərəfi haqlıdır. Problem qız tərəfində olur".
Sənətçi hesab edir ki, ataların qızlarına ailəni qorumaqla bağlı tövsiyə verməsi bir çox boşanmanın qarşısını ala bilər. O, bu fikrini belə ifadə edib:
"Ata qızına bir kəlmə desə ki, sənin yerin ailənin yanıdır, o qız ailəsinə sahib çıxar və hər şey gözəl olar".
Aşıq Zülfiyyə çıxışında oğlan tərəfinin haqlı olduğunu düşündüyünü də açıq şəkildə bildirib:
"Oğlan evi həqiqətən də yerindən göyə haqlıdır, qız tərəfi isə yox".
Onun bu yanaşması sosial müzakirələrə səbəb olub. Xüsusilə boşanmalarda məsuliyyətin yalnız bir tərəfin üzərinə qoyulması, valideynlərin ailə həyatına müdaxiləsi və qadının ailəni qorumaq məsuliyyəti ilə bağlı fikirlər diqqət çəkib. (milli.az)


