Azərbaycanda ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin təmin olunmasında mühüm mexanizmlərdən biridir. Lakin ailənin aylıq gəlirinin ehtiyac meyarını cüzi məbləğdə belə üstələməsi onun sosial yardımdan yararlana bilməməsinə səbəb ola bilər. Belə olduqda ailə sosial dəstəkdən kənarda qalır, halbuki gündəlik xərclərini qarşılamaqda çətinlik çəkməyə davam edir.
Bu baxımdan, gəliri ehtiyac meyarını az fərqlə üstələyən ailələr üçün mərhələli sosial yardım sisteminin tətbiqinə ehtiyac varmı?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hökumət yalnız gəliri ehtiyac meyarından, yəni yaşayış minimumundan aşağı olan ailələrə sosial yardım göstərir.

Onun sözlərinə görə, dövlətin sosial siyasətinin mahiyyəti minimum yaşayış səviyyəsini təmin etməkdir:
"Daha yüksək həyat səviyyəsinə nail olmaq istəyən şəxslər isə öz gəlirlərini artırmağa çalışmalıdırlar. Yəni dövlət yalnız minimum ehtiyacları qarşılamağı üzərinə götürür. Buna görə də sosial yardım mexanizmində əlavə dəyişiklik edilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, yaşayış minimumu hesablanarkən minimum istehlak səbətinə yenidən baxılmalı və müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Lakin hökumətin yaşayış minimumundan yüksək gəliri olan şəxslərə əlavə dəstək göstərməsini düzgün hesab etmirəm. Çünki qalan ehtiyaclarını insan özü təmin etməyə çalışmalıdır. Dövlət bu vəsaiti haradansa əldə etməlidir və nəticədə həmin xərclər vergilər hesabına qarşılanır. Bu baxımdan, insanlar arasında bərabərliyin təmin edilməsinə əsaslanan sosializm və kommunizm prinsipləri artıq əvvəlki dövrlərdə qalıb".


