YapiKredi Müraciət Forması
Sosial media Özəl

Sosial şəbəkədə növbəti rəzillik — Dini oyuncaq etdilər

Sosial şəbəkədə növbəti rəzillik — Dini oyuncaq etdilər

TikTok-da Kəbə görüntülərindən istifadə edilməklə hazırlanan virtual təvaf simulyasiyası geniş müzakirələrə yol açıb. Belə ki, bəzi istifadəçilərin dini ayinləri rəqəmsal oyuna çevirərək canlı yayımlarda izləyicilərdən jeton və virtual hədiyyələr topladığı bildirilir.

Demokrat.az bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bəzi TikTok istifadəçiləri Kəbənin 3D görüntüsündən istifadə edərək "Kəbə təvafı" adlı virtual simulyasiya hazırlayıblar. Canlı yayımlar zamanı ekranın mərkəzində Kəbə təsviri yerləşdirilir, izləyiciləri təmsil edən virtual personajlar isə onun ətrafında hərəkət edir.

İzləyicilər şərh bölməsinə "qatıl" yazmaqla simulyasiyaya qoşula bilir. Sistem onların istifadəçi adları ilə virtual personajlar yaradaraq Kəbə təsvirinin ətrafında hərəkət etdirir.

Məlumata görə, yayımlarda təvaf, şavt, zəmzəm və şeytan daşlama kimi dini anlayışlardan istifadə olunur. İzləyicilərin göndərdiyi jetonların sayına uyğun olaraq müxtəlif animasiyalar aktivləşdirilir. Daha çox hədiyyə göndərən istifadəçilər isə xüsusi siyahıda ön sıralarda göstərilir.

Bununla da dini ayinlər virtual oyun mexanizminin bir hissəsinə çevrilir və izləyicilərin daha çox pul xərcləməsinə təşviq yaradılır.

Məsələnin digər diqqətçəkən tərəfi isə bu simulyasiyanın proqram təminatı ilə bağlıdır. Virtual təvaf sisteminin mənbə kodları bəzi internet forumlarında 750 Türkiyə lirəsindən başlayan qiymətlərlə satışa çıxarılıb.

Hadisə sosial şəbəkələrdə dini dəyərlərin kommersiya məqsədilə istifadəsi və insanların dini hisslərinin istismarı ilə bağlı müzakirələrə səbəb olub.

Editor
Redaktor