İnternetdə paylaşılan şəxsi məlumatlar bəzən illər keçsə belə istifadəçilərin qarşısına yenidən çıxa bilər. Sosial şəbəkələrdə silinən fotoşəkillər, köhnə paylaşımlar, şəxsi yazışmalar və digər məlumatlar müxtəlif platformalarda, arxivlərdə və axtarış sistemlərində qalmaqda davam edir. Bu isə istifadəçilərin rəqəmsal izlərini tamamilə yox etməsini çətinləşdirir.
Bəs internetdə şəxsi məlumatları birdəfəlik silmək niyə bu qədər çətindir və insanın öz məlumatları üzərində nə dərəcədə nəzarəti var?
İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Demokrat.az-a açıqlamasında bildirib ki, əgər insanlar onlayndırlarsa, internetdən istifadə edirlərsə, burada tam məxfilikdən söhbət gedə bilməz.

"Sosial şəbəkələrin hər biri serverlərə bağlı fəaliyyət göstərən platformalardır. İstifadəçilərin məlumatları həmin serverlərdə yaddaşda saxlanılır və arxivləşdirilir. Biz bəzən öz şəkillərimizi, videolarımızı və ya digər paylaşımlarımızı silirik. Düşünürük ki, onları tamamilə yox etmişik. Lakin silinmə həmin məlumatların qarşı tərəfin, yəni yerləşdirildiyi məlumat bazalarının yaddaşından tamamilə silinməsi demək deyil. Bunun həqiqətən baş verib-vermədiyini bilə bilmərik. Bir çox sosial şəbəkə və platforma, hətta bu, qanunsuz fəaliyyət olsa belə, insanların məlumatlarını, gündəlik həyatlarını, paylaşımlarını və maraqlarını arxivləşdirə bilər. Bu platformaların fəaliyyət məqsədlərindən biri də istifadəçilər haqqında məlumat toplamaqdır. Məlumatı silmək onun sistemdən tamamilə yox olması demək deyil. Bu məlumatlar sonradan yenidən qarşınıza çıxa bilər. Düşünə bilərsiniz ki, biz bunu silmişdik, bəs necə oldu ki, yenidən qarşımıza çıxdı? Bu, hansısa məlumatı silməyinizin onun məlumat bazasından tamamilə silinməsi anlamına gəlməməsindən qaynaqlanır. İndiyədək bir çox platformada belə hallar baş verib. Hətta ən məşhur platformalarda da istifadəçilərin məlumatlarının üçüncü şəxslərə ötürülməsi və ya üçüncü şəxslər tərəfindən oğurlanması halları qeydə alınıb. Xüsusilə Facebook bu məsələlərlə bağlı dəfələrlə gündəmə gəlib. Bir çox platformada belə hallar baş verir. Burada marketinq siyasəti deyilən bir anlayış da var. Məsələn, böyük brendlər və müxtəlif istehsalçılar müəyyən məbləğ ödəməklə sosial şəbəkələrdən və digər platformalardan istifadəçilərin maraqları barədə məlumat əldə edə bilirlər. Bu nə deməkdir? Tutaq ki, çoxsaylı istifadəçisi olan bir sosial şəbəkə platforması var və insanlar gündəlik həyatlarını orada paylaşırlar. Azərbaycanda öz brendini tanıtmaq, məhsul istehsal etmək və ya satışını həyata keçirmək istəyən şəxslər sosial media platformalarının reklam xidmətlərindən istifadə edirlər. Bunun üçün platformalara ödəniş etməklə maraq dairəsinə uyğun auditoriyanı müəyyənləşdirmək mümkündür. Toplanan məlumatlar əsasında ölkədə istifadəçilərin hansı məhsullara maraq göstərdiyini, daha çox nələri aldığını və hansı məhsullara üstünlük verdiyini təhlil etmək olur. Belə hallar və məlumat təhlükəsizliyi ilə bağlı boşluqlar olduğu halda heç kim öz məlumatlarının tam məxfi olduğunu iddia edə bilməz. Eyni zamanda, heç bir sosial şəbəkə platforması istifadəçilərinin məxfiliyini tam şəkildə qoruduğuna dair mütləq zəmanət verə bilməz. Bunun qarşısını necə ala bilərik? Təəssüf ki, bu, o qədər də asan məsələ deyil. Əgər sosial şəbəkədən və ya hər hansı onlayn platformadan istifadə edirsinizsə, məlumatlarınızın oğurlanmasının və ya üçüncü tərəflərin əlinə keçməsinin qarşısını tam şəkildə ala bilməzsiniz. Burada iki variant var ki, ya ümumiyyətlə, bu platformalardan istifadə etməməlisiniz, ya da istifadə edirsinizsə, paylaşdığınız məlumatlara diqqət yetirməlisiniz. Həmin məlumatların sizin üçün nə dərəcədə vacib, dəyərli və məxfi olduğunu nəzərə almalısınız. Gələcəkdə bu məlumatlar yenidən qarşınıza və ya sizi tanıyan digər şəxslərin qarşısına çıxarsa, bu zaman yalnız sosial şəbəkə platformalarını və ya üçüncü tərəfləri günahlandırmaq düzgün olmaz.
Rəqəmsal iz isə elə bir izdir ki, onun silinməsi o qədər də asan deyil. Bu gün dünyada demək olar ki, bütün sahələrdə rəqəmsallaşma prosesi gedir. Hər hansı istifadəçi rəqəmsal platformadan istifadə etməklə öz izlərini istədiyi vaxt tamamilə silə biləcəyini düşünməməlidir. Təəssüf ki, biz yalnız prosesin görünən tərəfini görürük. Məsələn, bir şəkil paylaşıram və sonra onu silirəm. Düşünürəm ki, həmin şəkil artıq mənim üçün mövcud deyil. Lakin prosesin görünməyən tərəfində həmin şəkli saxlayan və arxivləşdirən sistemlər ola bilər. Biz orada məlumatın həqiqətən silinib-silinmədiyini, yoxsa saxlanıldığını dəqiqləşdirə bilmirik. Çünki bunun üçün bizə müvafiq səlahiyyət və imkanlar verilməyib. Bizə yalnız platformadan müəyyən hədlər çərçivəsində istifadə etmək hüququ verilir".


