YapiKredi Müraciət Forması
Özəl Dünya

"Tramp əvvəlki kimi sərbəst qərarlar verə bilməyəcək"

Tramp əvvəlki kimi sərbəst qərarlar verə bilməyəcək

ABŞ-də Konqresə keçirilən aralıq seçkilərin nəticələri ölkənin siyasi gündəmini dəyişə biləcək mühüm prosesə çevrilib. İlkin proqnozlar Demokrat Partiyasının həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçirə biləcəyini göstərir. Bu ssenarinin reallaşması isə prezident Donald Trampın hakimiyyətinin qalan dövründə ciddi siyasi çətinliklərlə üzləşməsi və Konqres üzərində nəzarəti itirməsi demək olacaq.

Politoloq Əli Mustafa Demokrat.az-a açıqlamasında söyləyib ki, seçkilərin ilkin nəticələri artıq bəllidir:

"Aralıq seçkilərində həm Nümayəndələr Palatasında, həm də Senatda Demokratlar üstünlük qazanıblar. Bu isə o deməkdir ki, Konqres və prezident artıq eyni siyasi bloka aid deyillər. Təbii ki, bu vəziyyətdə Konqres prezidentin qərarlarına, prezident isə Konqresin qəbul etdiyi qanunlara müəyyən formada maneələr yarada bilər. İndi Trampın təbirincə desək, tərəflər bir-birinə veto qoyacaq. Əvvəlcə qeyd edim ki, bu, müəyyən mənada Amerikada siyasi tarazlığın qorunmasına kömək edir. Yəni qanunverici və icra hakimiyyətlərinin fərqli siyasi partiyaların nəzarətində olması onların bir-birinə nəzarət etməsinə şərait yaradır. Nəticədə ölkənin milli maraqlarına daha uyğun siyasətin formalaşmasına kömək edə bilər. Hakimiyyət eyni partiyanın əlində olduqda isə daha çox partiya və şəxsi maraqlardan çıxış edilə bilər. Fərqli siyasi qüvvələr üz-üzə gələndə isə istər-istəməz dövlət maraqları ön plana çıxır".

Əli Mustafa əlavə edib ki, digər tərəfdən, bu vəziyyət siyasi mübarizənin daha çox Amerikanın daxilinə yönəlməsinə səbəb olacaq:

"Beləliklə, ABŞ indiyə qədər olduğu kimi dünyada fəal xarici siyasət apara bilməyəcək. Çünki enerjisinin böyük bir hissəsi daxili siyasi mübarizəyə sərf olunacaq. Bu da vacib məqamlardan biridir. Təbii ki, Tramp artıq ikinci dəfə prezident olduğu üçün növbəti dəfə namizəd ola bilməyəcək. Ona görə də onun gələcək siyasi qərarlarının növbəti prezident seçkilərinə təsirindən danışmaq düzgün olmaz. Onun partiyası növbəti seçkilərdə müəyyən müsbət nəticələr əldə edə bilər. Lakin bu da yeni formalaşan hakimiyyətin müxtəlif qolları arasındakı münasibətlərin doğuracağı nəticələrdən, onların siyasi mübarizəsinin ictimai rəyə təsirindən və cəmiyyətdə yaranacaq reaksiyadan asılı olacaq. Bütün hallarda Tramp artıq yeni dövrə qədəm qoyur. O, indiyədək Konqresə və Senata nəzarət edirdi, indi isə bu nəzarəti itirib. Əksinə, artıq Konqres ona nəzarət edəcək. Bu isə o deməkdir ki, Tramp əvvəlki kimi sərbəst qərarlar verə bilməyəcək. Xüsusilə həm daxili, həm də xarici siyasətlə bağlı məsələlərdə Konqreslə razılaşmaq məcburiyyətində qalacaq".