YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

Qeyri-neft sektoru güclənir: İqtisadiyyatda yeni mərhələ — Açıqlama

Qeyri-neft sektoru güclənir: İqtisadiyyatda yeni mərhələ — Açıqlama

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bir sıra məqamlara toxunub.

Nazir Azərbaycanın borclanmadan inkişaf etdiyini, ölkənin qarşısında duran tarixi vəzifələrin daxili maliyyə resursları hesabına həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin olunub, neftdən asılılıq azalıb. Eyni zamanda, 2026-cı ildə qeyri-neft-qaz daxilolmalarının 22,2 milyard manata çatacağı, əmək müqavilələrinin sayının isə iki dəfədən çox artdığı qeyd olunub. Özəl qeyri-neft-qaz sektorunun ümumi əmək müqavilələrində payı 57 faizə yüksəlib.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, qeyd olunan göstəricilər müsbət olsa da, ümumi iqtisadiyyatın həcmi ilə müqayisədə hələ də kiçik rəqəmlərlə ifadə olunur:

Qeyri-neft sektoru güclənir: İqtisadiyyatda yeni mərhələ — Açıqlama

"Qeyri-neft sektorunda artımın olması, əmək müqavilələrinin sayının bu sektorda artması müsbət haldır. Amma həmin göstəricilər ümumi iqtisadiyyatın həcmində hələ də çox kiçik paya malikdir. Məsələn, qeyri-neft sektoru ümumi daxili məhsulun neçə faizini təşkil edir? Yaxud ixracatda qeyri-neft sektorunun payı cəmi 10-12 faizdirsə, bu, yaxşı göstəricidirmi? Ona görə də Azərbaycanda iqtisadi proseslərin təhlili zamanı qeyri-neft və neft sektoru arasındakı bölgüdən daha çox ümumi iqtisadi vəziyyətə diqqət yetirilməlidir. Qeyri-neft sektoru da bizimdir, neft sektoru da. Bu sahələri bir-birindən ayırmağın nə mənası var? Biz ümumilikdə iqtisadi artım tempinin zəifləməsindən daha çox danışmalıyıq. Azərbaycanda ÜDM-in artım tempi MDB ölkələri arasında ən aşağı göstəricilərdən biridir. Son illərdə ölkəmizdə ümumi daxili məhsul cəmi 1,3-1,5 faiz artır. Bu isə problemdir. Problemin həlli üçün iqtisadiyyatı ayrı-ayrı sektorlara bölməkdənsə, ümumi iqtisadiyyatda mövcud problemlərin aradan qaldırılmasına və iqtisadi canlanmaya nail olmaq üçün müvafiq qərarların qəbul edilməsinə ehtiyac var".

Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı Emin Qəribli bildirib ki, Azərbaycan iqtisadiyyatının mühüm hissəsi neftdən asılıdır, daha doğrusu, mövcud iqtisadi model əsasən neft gəlirləri üzərində qurulub:

Qeyri-neft sektoru güclənir: İqtisadiyyatda yeni mərhələ — Açıqlama

"Lakin dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təcrübə göstərir ki, bir sahədən asılılıq iqtisadi təhlükəsizliyə mənfi təsir edə bilər. Bu baxımdan, neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə yanaşı, digər sahələrin də inkişaf etdirilməsi vacibdir. Görürük ki, hər il qeyri-neft sektoru, məsələn, 5,5 faiz kimi kifayət qədər yüksək templə inkişaf edir. Həm dövlət büdcəsində, həm də ümumi daxili məhsulda qeyri-neft sektorunun payı durmadan artır. Bu, müsbət tendensiyadır. Neft gəlirlərini digər layihələrə, beynəlxalq və qlobal əhəmiyyətli təşəbbüslərə, eləcə də ölkə daxilində, xüsusilə Qarabağın bərpasına yönəltməklə gələcək nəsillər üçün də faydalı nəticələr əldə edə bilərik".

Emin Qəribli qeyd edib ki, dünyada təbii resurslardan əldə olunan gəlirlər, əsasən, makroiqtisadi sabitliyin təmin edilməsinə və ya gələcək nəsillər üçün ehtiyatların yaradılmasına yönəldilir:

"Biz də həmin vəsaitləri qeyd olunan istiqamətlərə yönəldə bilərik. Bununla yanaşı, bazar iqtisadiyyatı şəraitində əsas məqsədimiz iqtisadi inkişafı yalnız neft gəlirləri hesabına deyil, məhz qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı hesabına təmin etməkdir. Bu da müsbət məqamdır.

Yekun olaraq qeyd etmək istəyirəm ki, belə yanaşma həm iqtisadi təhlükəsizliyimizin möhkəmlənməsinə, həm də dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Eyni zamanda, təbii resurslardan əldə olunan gəlirlərin gələcək nəsillər üçün qorunması ölkəmizin uzunmüddətli inkişafına da töhfə verə bilər".