Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Sevinc Fətəliyeva paytaxtın Hövsan qəsəbəsində əhalinin sıxlığı nəzərə alınaraq burada yeni xəstəxananın yaradılmasının zəruri olduğunu bildirib.
Demokrat.az "Yeni Sabah"a istinadən xəbər verir ki, sözügedən məsələnin artıq təsdiq olunduğunu diqqətə çatdıran parlamentari, eyni zamanda əvvəlki dövr proqramlarında nəzərdə tutulmuş, lakin icrası hələ də tamamlanmamış layihələrin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
S.Fətəliyeva qarşıdakı illərdə yeni uşaq bağçalarının tikintisi, qəzalı vəziyyətdə olan 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, həmçinin Yeni Suraxanı qəsəbəsində yeni məktəbəqədər təhsil müəssisəsinin inşası məsələlərinə yenidən baxılmasının məqsədəuyğun olduğunu qeyd edib. Onun sözlərinə görə, bu sosial layihələrin vaxtında icrası üçün konkret icra müddətinin və maliyyə təminatının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edən deputat yenidən qaytarılmış 1356 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, mədəniyyət evi, poçt şöbəsi və digər zəruri sosial infrastruktur obyektlərinin mövcud olmadığını bildirib. Parlamentari həmin ərazinin sistemli və planlı inkişafı məqsədilə kompleks struktur planlarının hazırlanmasının vacibliyini diqqətə çatdırıb.


