Hamam otağında kranların və unitazın üzərində yaranan əhəng ərpini təmizləmək üçün ən effektiv vasitələrdən biri limon turşusudur. Kimyaçıların sözlərinə görə, mətbəxdə tez-tez istifadə olunan bu maddə qalın ərp qatının belə asanlıqla təmizlənməsinə kömək edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Futura Sciences" nəşri yazıb.
Tasmaniya Universitetinin kimya müəllimi Neytan Kila bildirib ki, əhəng ərpinin əsasını kalsium karbonat təşkil edir. Bu çöküntüləri həll etmək üçün turşu xüsusiyyətli maddələrdən istifadə olunmalıdır.
Mütəxəssis qeyd edib ki, qida sodası qələvi maddə olduğundan əhəng ərpini həll etmək üçün yararlı deyil. Onun sirkə ilə qarışdırılması da gözlənilən effekti vermir. Çünki bu iki maddə birləşdikdə kimyəvi reaksiya nəticəsində qismən neytrallaşır. Yaranan köpük isə təmizləmə gücünün artması demək deyil.
Sirkə turşu xüsusiyyətinə malik olsa da, xüsusilə qalın ərp qatının təmizlənməsi üçün kifayət qədər uzun müddət tələb edə bilər.
Kimyaçının tövsiyə etdiyi limon turşusu isə su ilə qarışdırıldıqda kalsium karbonatla reaksiyaya girərək ərpin həll olmasını asanlaşdırır.
Limon turşusundan necə istifadə etmək olar?
Unitazın təmizlənməsi üçün 500 millilitr isti suya dörd xörək qaşığı limon turşusu əlavə etmək tövsiyə olunur. Hazırlanan məhlul unitazın daxili səthinə, xüsusilə də kənarların alt hissəsinə çəkilməlidir. Qarışıq 30-60 dəqiqə saxlanıldıqdan sonra səth fırça ilə təmizlənməli və su ilə yuyulmalıdır.
Kranlardakı ərpi aradan qaldırmaq üçün isə 500 millilitr isti suya bir-iki xörək qaşığı limon turşusu əlavə etmək kifayətdir. Çıxarıla bilən kran hissələrini məhlulda saxlamaq, sabit hissələri isə qarışıqla isladılmış parça ilə örtmək mümkündür. Proses başa çatdıqdan sonra səthlər bol su ilə yaxalanmalıdır.
Limon turşusundan istifadə zamanı diqqətli olun
Kimyaçı xəbərdarlıq edib ki, limon turşusunu heç vaxt ağardıcı və tərkibində natrium hipoxlorit olan təmizləyici vasitələrlə qarışdırmaq olmaz. Belə qarışıq nəticəsində nəfəs aldıqda təhlükəli olan zəhərli xlor qazı yarana bilər.
Bundan başqa, limon turşusu mərmər və əhəngdaşı səthlərə zərər verə, onların strukturunu poza və üzərində ləkələr yarada bilər.
Buna görə də vasitədən istifadə edərkən həm səthin materialını, həm də kimyəvi maddələrin uyğunluğunu nəzərə almaq vacibdir.


