Göbələkdən zəhərlənmə zamanı eyni yeməyi yeyən insanların hamısında eyni simptomların yaranmaması mümkündür. Bunun səbəbi qəbul edilən toksinin miqdarı, orqanizmin fərdi xüsusiyyətləri və digər amillərlə bağlıdır.
Demokrat.az xəbər verir ki, bu barədə ictimai sağlamlıq və tibbi profilaktika mərkəzinin həkimi Natalya Qnedneva danışıb.
Həkimin sözlərinə görə, bəzən eyni süfrədə əyləşən şəxslərdən yalnız biri zəhərlənmə əlamətləri ilə üzləşə bilər. Məsələn, həmin şəxsin daha tez qusması nəticəsində orqanizmə daxil olan toksinin miqdarı az ola bilər. Bununla belə, əksər hallarda eyni yeməyi yeyənlərin hamısı zəhərlənir, sadəcə xəstəliyin ağırlıq dərəcəsi fərqli olur.
Qnedneva bildirib ki, göbələkdən zəhərlənmənin ən təhlükəli səbəblərindən biri solğun amanitadır. Bu göbələkdə olan amanitin toksini qaraciyər və böyrək hüceyrələrini zədələyir. Onu qaynatmaq, qızartmaq, dondurmaq və ya qurutmaq zəhəri təsirsiz hala gətirmir. Həkim xüsusilə təcrübəsiz göbələk toplayanların yeməli növlərə bənzəyən zəhərli göbələkləri səhv salması təhlükəsinə diqqət çəkib.
Zəhərlənmənin ilkin əlamətləri adətən bir neçə saat ərzində ortaya çıxsa da, solğun amanita ilə zəhərlənmədə bu müddət 8-18 saata qədər uzana bilər. Üstəlik, müəyyən vaxtdan sonra xəstənin vəziyyətində müvəqqəti yaxşılaşma yarana bilər. Lakin bu, toksinin orqanizmə təsirinin dayandığı anlamına gəlmir.
Əsas simptomlara ürəkbulanma, qusma, qarında kəskin sancılar və tez-tez ishal daxildir. Ağır hallarda qaraciyər və böyrək çatışmazlığı, əlillik və hətta ölüm baş verə bilər.
Həkim göbələklərin uşaqlara, hamilə qadınlara, yaşlılara, həmçinin həzm sistemi, qaraciyər və böyrək xəstəlikləri olan şəxslərə tövsiyə edilmədiyini bildirib. Göbələklərin yol kənarlarından, sənaye müəssisələrinin yaxınlığından və tullantı sahələrindən toplanması da təhlükəlidir. Çünki onlar ətraf mühitdəki zərərli maddələri özündə toplaya bilir.
Qnedneva ev şəraitində hazırlanmış göbələk konservlərinə də xüsusi diqqət çəkib. Torpaqda olan botulizm törədicilərinin sporları hermetik bağlanmış bankalarda təhlükəli toksin yarada bilər. Buna görə də mənşəyi məlum olmayan ev konservlərini almaq, qapağı şişmiş və ya saxlanma şəraitinə şübhə yaranan məhsulları yemək olmaz.
Həkim göbələkdən zəhərlənmə əlamətlərindən hər hansı biri müşahidə olunduqda vaxt itirmədən tibbi yardım çağırmağı tövsiyə edib. Xüsusilə gecə saatlarında simptomlar yaranarsa, səhərə qədər gözləmək olmaz. Onun sözlərinə görə, uşaqlarda zəhərlənmə daha sürətlə ağırlaşa bilər.
Mütəxəssis əmin olunmayan göbələyi toplamaqdansa, meşədə saxlamağın daha doğru seçim olduğunu vurğulayıb.


