Süni intellektin inkişafı təhsil qarşısında yeni çağırışlar yaradır.
Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşdə deyib.
Nazir Naxçıvanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması və müasir dövrdə təhsil sisteminin qarşısında duran tələblər barədə fikirlərini bölüşüb.
Emin Əmrullayev təhsilin əsas məqsədlərindən birinin şagirdlərin şəxsiyyət kimi formalaşması olduğunu vurğulayıb.
O bildirib ki, uşağın hansı ailədə və hansı bölgədə dünyaya gəlməsindən asılı olmayaraq, təhsil ona gələcəkdə uğur qazanmaq üçün bərabər imkanlar yaratmalıdır.
Təhsilin keyfiyyətinə toxunan nazir müasir dövrdə şagirdlərə yalnız mövcud biliklərin ötürülməsinin kifayət etmədiyini, tədrisin məzmununun dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Süni intellektin inkişafının təhsil qarşısında yeni çağırışlar yaratdığını bildirən Emin Əmrullayev şagirdlərdə müstəqil düşünmə, problemləri təhlil etmə və onların həlli yollarını tapmaq bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Nazir müəllim fəaliyyətinin qiymətləndirilməsində əsas meyarın şagirdlərin öyrənmə nəticələri olduğunu da diqqətə çatdırıb.


