Noyabrın 16-da Tbilisidə keçirilən Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Azərbaycanda elmi-tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişafı" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanda elm və ali təhsil sahəsində həyata keçirilən islahatlar, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Ülkər Səttarova ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi, elmi tədqiqatların və innovasiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Agentlik direktoru elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən institusional dəyişikliklərə də toxunub. Bu çərçivədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təsis edilməsi, eləcə də ali təhsil və elmi müəssisələr arasında birgə tədqiqat fəaliyyətinin təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Təqdimatda, həmçinin elmi müəssisələrin beynəlxalq elmi informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsindən danışılıb. Bildirilib ki, 2026-cı ildə 150-dən çox müəssisənin "Scopus" və "Web of Science" bazalarına çıxışı təmin olunub. Eyni zamanda, "Cambridge University Press" ilə əməkdaşlıq çərçivəsində elmi nəşrlərə çıxış və açıq elmi nəşr imkanları barədə məlumat verilib.
Təqdimatın sonunda elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və birgə elmi təşəbbüslərin inkişafının əhəmiyyəti vurğulanıb.


