YapiKredi Müraciət Forması
Sosial

İşıq və qaz limitləri azaldıla bilər — Deputat açıqladı

İşıq və qaz limitləri azaldıla bilər — Deputat açıqladı

Qış aylarının yaxınlaşması ilə ölkədə əhali üçün tətbiq olunan təbii qaz və elektrik enerjisi limitlərinin yenidən nəzərdən keçirilməsi məsələsi aktuallaşıb. Mövcud qaydalara əsasən, təbii qaz üzrə illik istehlak həcmi 1200 kubmetrə qədər olduqda hər kubmetr 12,5 qəpiklə hesablanır. İllik sərfiyyat 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən yuxarı həddə isə 30 qəpik təşkil edir.

Elektrik enerjisi üzrə aylıq limitlər də üç pilləli sistemlə müəyyənləşdirilib. Aylıq istehlakın 200 kilovat-saata qədər olan hissəsi 8,4 qəpik, 200-300 kilovat-saat aralığı 10 qəpik, 300 kilovat-saatdan artıq hissəsi isə 15 qəpikdən ödənilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, qaz və işıq tariflərinə yenidən baxılmasına ehtiyac var:

Deputatın sözlərinə görə, təbii qazla bağlı təkliflərdən biri məhz dağlıq rayonlar üçün limitlərin tənzimlənməsidir:

"Mənim komitə iclaslarında səsləndirdiyim təkliflərdən biri də məhz qaz limitlərinə yenidən baxılması, xüsusilə də dağlıq rayonlarda limitlərin dəyişdirilməsi və təbii qazın daha ucuz tariflərlə verilməsidir. Qış mövsümünün başlaması ilə əlaqədar olaraq dağlıq rayonlarda yaşayan sakinlər istilik ehtiyaclarını ödəmək üçün təbii qazdan daha çox istifadə edirlər. Nəzərə almalıyıq ki, soyuqların sərtləşməsi ilə bağlı dağlıq rayonlardakı vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, bu da onların xərclərinin artmasına səbəb olur. O baxımdan limitlərin yenidən nəzərdən keçirilməsi və daha ucuz tariflərin tətbiq olunması vacibdir ki, bu da vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxara bilsin".

Vüqar Bayramov qeyd edib ki, elektrik enerjisi ilə bağlı da oxşar praktikanın tətbiqinə ehtiyac var. Eyni zamanda, beynəlxalq təcrübədə istifadə olunan gecə və gündüz limitlərinin tətbiq edilməsi də gündəmdə olmalıdır:

"Əksər ölkələrdə gecələr elektrik enerjisi ilə bağlı tariflər aşağı olur. Bu da xüsusilə özəl sektorun və real sektorun həmin enerjidən daha ucuz qiymətə istifadə etməsinə və onların istehsal etdikləri məhsulların xərcinin azalmasına səbəb olur. Bizim təklifimiz diferensial yanaşmadır: təbii qaz üzrə bölgələrimizdə aşağı qiymətlə qaz təklifinin artırılması, elektrik enerjisi üzrə isə əksər Avropa ölkələrində tətbiq edilən gecə və gündüz limitlərinin tətbiq edilməsi. Nəzərə alsaq ki, elektrik enerjisindən həm də biznes və iş adamları daha çox istifadə edirlər, onda bu limitlərin tətbiqi iş adamlarının xərclərini azalda bilər".

Deputat əlavə edib ki, bu məsələlər artıq komitə iclaslarında səsləndirilib:

"Müvafiq dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bununla bağlı qərarın verilməsi mümkündür".

Editor
Redaktor