Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda təmir işləri aparmaq üçün evə gələn santexnikin hamam otağında gizli çəkiliş aparmaq məqsədilə telefon yerləşdirdiyi iddia olunur. Hadisə üzə çıxdıqdan sonra 40 yaşlı usta saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.
Demokrat.az xəbər verir ki, hadisə Emek məhəlləsində yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verib.
Noyabrın 14-də ailə hamam otağının asma tavanından su sızdığını görərək ev sahiblərinə məlumat verib. Problemin aradan qaldırılması üçün mənzilə santexnik A.K. (40) göndərilib.
Usta təmir işlərini başa vuraraq mənzili tərk etdikdən sonra ailə hamamdan istifadə etmək istəyərkən tavanın üzərində əvvəllər olmayan kiçik dəlik aşkarlayıb. Tavanın içərisinə baxış zamanı obyektivinin hamam otağına yönəldildiyi bildirilən mobil telefon tapılıb.
Ailə dərhal polisə müraciət edib. Manavqat Rayon Polis İdarəsinin əməkdaşları şikayət əsasında araşdırmaya başlayaraq həmin gün santexniklə əlaqə saxlayıblar.
İlkin söhbət zamanı A.K. telefonu harada yerləşdirdiyini xatırlamadığını bildirib. Lakin sonradan hamamın asma tavanında dəlik açdığını və telefonunu görüntü qeydə alacaq şəkildə oraya qoyduğunu etiraf edib.
Saxlanılan usta polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib. O, şəxsi həyatın toxunulmazlığını pozmaq və cinsi təcavüz ittihamları ilə hakim qarşısına çıxarılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.


