YapiKredi Müraciət Forması
Texnologiya

Çin 200 milyon şagirdə süni intellekt öyrədəcək - 2030-cu il hədəfi

Çin 200 milyon şagirdə süni intellekt öyrədəcək - 2030-cu il hədəfi

Çin 2030-cu ilə qədər ölkənin bütün şagirdlərinə süni intellekt savadlılığı qazandırmağı hədəfləyir. Təxminən 200 milyon şagirdi əhatə edən bu genişmiqyaslı təhsil islahatı ölkənin müxtəlif bölgələrində fərqli sürətlə həyata keçirilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin araşdırmasında bildirilib.

Çin Təhsil Nazirliyi 2024-cü ilin noyabrında yayımladığı sənədlə süni intellekt təhsilinin ibtidai və orta məktəblərdə 2030-cu ilədək geniş tətbiqini nəzərdə tutan plan açıqlayıb. Plana əsasən, kiçik yaşlı uşaqlar süni intellektlə tanış olacaq, orta məktəb şagirdləri bu texnologiyanı istifadə etməyi öyrənəcək, lisey şagirdləri isə onun köməyi ilə daha mürəkkəb layihələr hazırlayacaqlar.

Artıq ölkənin bir sıra əyalət və böyük şəhərlərində bu istiqamətdə məcburi proqramlar qəbul edilib. Şanxayda bütün sinif səviyyələri üzrə ildə azı 30 saat süni intellekt dərsi keçirilməsi nəzərdə tutulub. Pekində isə 100 pilot məktəbin yaradılması planlaşdırılır. Ninsya və Qansu bölgələri süni intellekt savadlılığını 2027-ci ilədək məktəbə qəbul imtahanlarına daxil etməyi hədəfləyir.

Bununla belə, texnologiyanın tətbiqi bütün məktəblərdə eyni məqsədə xidmət etmir. Bəzi təhsil müəssisələrində şagirdlər süni intellekt vasitəsilə proqram və layihələr hazırlayır, digərlərində isə müəllim çatışmazlığını aradan qaldırmaq üçün bu texnologiyadan istifadə olunur.

Məsələn, Anhuy əyalətinin Funan rayonunda yerləşən Qinqinq liseyində təxminən 4 min şagird süni intellekt tərəfindən hazırlanmış dərslərdən yararlanır. Məktəb rəhbərliyi bu yanaşmadan sonra ali məktəblərə qəbul göstəricisinin 60 faizdən aşağı səviyyədən 90 faizə yüksəldiyini iddia edir. Lakin "Reuters" bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayır.

Bəzi bölgələrdə isə süni intellekt şagirdlərin davranış və sağlamlıq vəziyyətinin izlənilməsində tətbiq edilir. Quizhou əyalətində üz tanıma və davranış təhlili sistemləri qurulur, Şanxayda şagirdlərin fiziki və psixoloji sağlamlığını izləyən texnologiyalardan istifadə nəzərdə tutulur.

Agentliyin dövlət satınalmaları ilə bağlı məlumatlar əsasında apardığı hesablamaya görə, son bir ildə siniflərdə süni intellekt sistemlərinin tətbiqi üçün azı 31 milyon dollar xərclənib. Bununla yanaşı, "iResearch" konsaltinq şirkəti Çinin 2025-ci ildə təhsilin rəqəmsallaşdırılmasına təxminən 83 milyard dollar vəsait ayırdığını təxmin edir.

Lakin böyük investisiyalara baxmayaraq, yeni texnologiyanın tədrisin keyfiyyətinə təsiri ilə bağlı suallar qalır. Təxminən 27 min gəncin iştirak etdiyi araşdırmada süni intellektdən istifadənin ev tapşırıqlarının nəticələrini 18 faiz yaxşılaşdırdığı, aylıq imtahan göstəricilərində isə 20 faizlik azalma ilə əlaqəli olduğu müəyyən edilib.

320 mindən çox şagird arasında keçirilən sorğuda da süni intellektdən intensiv istifadə edənlərin yaddaş, anlama və təhlil bacarıqlarının daha zəif olduğu müşahidə edilib. Bununla belə, araşdırmalar bu nəticələrin birbaşa süni intellektdən qaynaqlandığını sübut etmir.

Təhsil mütəxəssisləri şagirdlərin düşünmə və problem həll etmə prosesini tamamilə texnologiyaya həvalə etməsindən narahatdırlar. Bu səbəbdən bəzi valideynlər övladlarına süni intellektdən kömək almadan əvvəl tapşırıqları müstəqil həll etməyi tövsiyə edirlər. Çin isə qarşıdakı illərdə bu texnologiyanı təhsil sisteminin ayrılmaz hissəsinə çevirməyə hazırlaşır.