YapiKredi Müraciət Forması
Texnologiya Özəl

Yeni smartfonlarda köhnə yaddaş çiplərindən istifadə olunacaq - Səbəb qiymət artımıdır

Yeni smartfonlarda köhnə yaddaş çiplərindən istifadə olunacaq - Səbəb qiymət artımıdır

Operativ yaddaş bazarında yaranan qlobal çatışmazlıq smartfon istehsalçılarını qeyri-adi addım atmağa vadar edib. Şirkətlər köhnə telefonlardan işlək RAM çiplərini çıxararaq bərpa edir və yeni cihazlarda istifadə etməyə başlayıblar. Proqnozlara görə, 2027-ci ildə istehsal ediləcək smartfonların təxminən hər onda birində ikinci dəfə istifadə olunan yaddaş modulları olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "TrendForce" analitik şirkəti məlumat yayıb.

Bu tendensiyanın əsas səbəbi yaddaş mikrosxemlərinin bahalaşması və qlobal çatışmazlıqdır. Süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat mərkəzlərində yaddaşa tələbatı kəskin artırıb. Nəticədə çip istehsalçıları daha çox gəlir gətirən server avadanlıqları üçün komponentlərin istehsalına üstünlük verirlər. Smartfonlar üçün nəzərdə tutulan yaddaş modullarının istehsalına isə daha az resurs ayrılır.

Böyük şirkətlər, o cümlədən "Apple" və "Samsung" qiymət artımına nisbətən davamlı olsalar da, kiçik istehsalçılar üçün vəziyyət daha çətindir. Belə ki, operativ yaddaş bəzi büdcə telefonlarının ümumi istehsal xərclərinin 50 faizinə qədərini təşkil edir.

Köhnə çiplər necə yenidən istifadə olunur?

Proses işlək yaddaş mikrosxemlərinin artıq istifadə edilməyən telefonların ana platalarından çıxarılması ilə başlayır. Daha sonra çiplər təmizlənir, texniki baxımdan bərpa olunur və lehimləmə üçün yeni kontaktlarla təchiz edilir. "Reballing" adlanan bu üsul vasitəsilə komponentləri başqa cihazlara quraşdırmaq mümkün olur.

"TrendForce"un məlumatına görə, hazırda əsasən 4 GB tutumlu LPDDR4X yaddaş modulları təkrar istifadəyə cəlb edilir. Onlar daha çox qiyməti 200 dollardan aşağı olan büdcə seqmentli "Android" telefonlarında tətbiq olunur.

Lakin bu üsul müəyyən risklər də yaradır. İstifadə edilmiş çiplərin texniki vəziyyəti fərqli ola bilər. Bərpa zamanı həddindən artıq qızma və ya keyfiyyətsiz lehimləmə yaddaş modulunun işinə mənfi təsir göstərə bilər. Nəticədə telefonlarda donma, qəfil sönmə və digər nasazlıqlar yarana bilər.

Bu isə istehsalçılar üçün əlavə zəmanət və təmir xərcləri, eləcə də müştəri etibarının itirilməsi riski deməkdir.

Ekspertlər daha əvvəl xəbərdarlıq ediblər ki, yaddaş çatışmazlığı səbəbindən 2027-ci ildən etibarən qiyməti 200 dollardan aşağı olan smartfonların istehsalı iqtisadi baxımdan çətinləşə bilər. Mövcud vəziyyət bəzi istehsalçıları bazardan çıxmağa, digərlərini isə məhsul çeşidini azaltmağa məcbur edə bilər.