Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur.
Demokrat.az xəbər verir ki, Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər tədris prosesinə cəlb olunaraq öz bilik və təcrübələrini bölüşüblər.
Bu təşəbbüsün əsas məqsədi kursantların nəzəri biliklərini real peşə fəaliyyəti ilə əlaqələndirmələrinə, müxtəlif hüquqi və praktiki məsələlər barədə daha ətraflı məlumat əldə etmələrinə şərait yaratmaqdır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Slavyan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şirxan Səlimov "Cənubi Azərbaycan XIX əsrin 30-cu illəri – XX əsrin əvvəllərində", Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Samir İsayev "Cinayətdə iştirakçılıq", Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Samir Qədirov isə "Məhkəmə-ballistik, məhkəmə-partlayış, texniki, soyuq və digər növ silah ekspertizası" mövzularında mühazirələrlə çıxış ediblər.
Mühazirələr zamanı mütəxəssislər mövzular üzrə nəzəri bilikləri peşə fəaliyyətləri zamanı qarşılaşdıqları praktiki hallar və real nümunələrlə zənginləşdirərək kursantların diqqətinə çatdırıblar. Aparılan müzakirələr və verilən izahlar mövzuların daha dərindən mənimsənilməsinə, nəzəri biliklərin praktiki baxımdan möhkəmləndirilməsinə töhfə verib.


