Bir çox hallarda maddi imkanı məhdud olan insanlar əllərinə pul düşən kimi bahalı telefon, geyim və digər əşyalar almağa üstünlük verirlər. Maddi imkanları geniş olanlar isə pulu xərcləməkdən daha çox onu artırmağın, investisiya etməyin və gəlir əldə etməyin yollarını düşünürlər.
Bu fərqin səbəbi nədir? İnsanların pula münasibətini və xərcləmə vərdişlərini maddi vəziyyətləri, psixoloji amillər, yoxsa maliyyə savadlılığı müəyyən edir?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Asif İbrahimov söyləyib ki, insanların pula münasibəti onların maddi vəziyyətindən, psixoloji xüsusiyyətlərindən, sosial mühitindən və maliyyə savadlılığından asılı olaraq formalaşır:

"Eyni məbləğdə pul müxtəlif insanlar üçün tamamilə fərqli məna daşıya bilər. Məsələn, uzun müddət maddi çətinlik yaşayan bir insanın əlinə müəyyən məbləğdə pul keçdikdə, onun bahalı telefon, geyim və digər istehlak məhsulları almağa üstünlük verməsi müşahidə olunur. Bunun arxasında bir neçə psixoloji səbəb dayanır. Birincisi, insanın özünü sosial mühitdə təsdiq etmək ehtiyacı var. Xüsusilə gəlir bərabərsizliyinin yüksək olduğu cəmiyyətlərdə bahalı telefon, avtomobil və geyim sosial status göstəricisinə çevrilir. İnsan bəzən maddi imkanından daha yüksək həyat səviyyəsi nümayiş etdirməyə çalışır. İkincisi, uzun müddət məhrumiyyət içərisində yaşayan insanlarda ani istehlak meyli güclənə bilər. Əllərinə pul düşdükdə gələcək üçün yığım etməkdənsə, indiki ehtiyaclarını və arzularını təmin etməyə üstünlük verirlər. Psixologiyada bu davranış ani mükafatlandırma meyli ilə əlaqələndirilir. Üçüncüsü, maliyyə savadlılığı mühüm rol oynayır. İnsan pulun idarə edilməsini, büdcə planlaşdırmasını, inflyasiyanın yığımlara təsirini və investisiya imkanlarını bilmədikdə qazandığı vəsaiti səmərəli bölüşdürməkdə çətinlik çəkir".
İqtisadçı qeyd edib ki, maddi imkanları geniş olan şəxslərdə isə investisiya və kapitalın artırılması davranışı daha çox müşahidə edilir:
"Onlar daşınmaz əmlak, biznes, maliyyə alətləri və digər gəlir gətirən aktivlərə vəsait yönəltməyi düşünürlər. Çünki onların bir çoxu pulun gələcəkdə əlavə gəlir yaratmaq potensialını artıq təcrübədən keçirib. Burada iqtisadi baxımdan başqa bir məsələ də var: aşağı gəlirli insanların investisiya etmək imkanları çox vaxt məhdud olur. Gəlirin böyük hissəsi ərzağa, kirayəyə, kommunal xidmətlərə və gündəlik ehtiyaclara sərf edilirsə, yığım üçün vəsait qalmır. Bu vəziyyət insanı yoxsulluq dövrəsində saxlaya bilər.
Mən hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə maliyyə mədəniyyətinin formalaşdırılmasına ciddi ehtiyac var. Məktəblərdə şəxsi maliyyə idarəçiliyi, ailə büdcəsinin planlaşdırılması, yığım və investisiya prinsipləri tədris edilməlidir. İnsanlara erkən yaşlardan gəlirlərinin müəyyən hissəsini qorumaq, maliyyə ehtiyatı yaratmaq və uzunmüddətli investisiya düşüncəsi aşılamaq lazımdır.
Bir məqamı da vurğulamaq istəyirəm ki, aşağı gəlirli insanın bahalı telefon almasını yalnız maliyyə savadsızlığı ilə izah etmək olmaz. Bəzən bu, sosial təzyiqin, istehlak kreditlərinin əlçatanlığının və gələcəyə inamsızlığın nəticəsidir. İnsan gələcəkdə daha yaxşı yaşayacağına inanmırsa, bugünkü istehlaka daha çox üstünlük verə bilər.
Fikrimcə, cəmiyyətin maliyyə inkişafının əsas göstəricilərindən biri insanların qazandıqları pulun nə qədərini istehlaka, nə qədərini isə gələcək gəlir yaradan aktivlərə yönəltməsidir. Çünki sərvətin formalaşması yalnız gəlirin artması ilə deyil, həm də düzgün maliyyə qərarları və kapitalın idarə edilməsi ilə mümkündür".


