Boşanma zamanı valideynlər arasında yaranan mübahisələr heç də həmişə məhkəmə qərarı ilə yekunlaşmır. Xüsusilə uşağın kiminlə yaşayacağı və digər valideynlə hansı qaydada görüşəcəyi məsələsi sonradan ciddi problemlərə səbəb ola bilir. Bəzi hallarda uşağın yanında yaşayan valideyn digər tərəfin övladı ilə görüşməsinə mane olur, telefonla danışmasına belə imkan vermir.
Bəs övladla görüşə mane olan valideyni hansı cəza gözləyir və zərərçəkmiş tərəf mənəvi təzminat tələb edə bilərmi?
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Onun sözlərinə görə, uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır:
"Nikahın pozulması zamanı ilkin olaraq mediasiyaya müraciət etmək mütləq tələbdir. Tərəflər mediasiyada uşaqla ünsiyyət barədə saziş bağlaya bilərlər. Belə saziş olmadıqda nikahın pozulması ilə bağlı iddiaya baxılarkən ayrı yaşayan valideyn uşaqla ünsiyyətin müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə uşağın 10 yaşına çatmış uşağın fikri nəzərə alır, həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə uşaqla görüş vaxtı müəyyən edilərkən işin bütün halları, uşağın mənafeyini, o cümlədən ailədə neçə uşağın olması, onların yaşı, səhhəti, məktəbəqədər və ya ümumi təhsil rejimi, hansı valideynə daha çox bağlılığı, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətləri, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alınmalıdır. Uşaqla görüş istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Valideyn məhkəmə bununla bağlı məhkəmə qətnaməsini könüllü icra etmədikdə icra məmuru tərəfindən icrası məcburi təmin edilməlidir.
Ancaq burada da uşağın fikri, psixoloji vəziyyəti və s. diqqətəlayiq hallar nəzərə alınır.
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarına əsasən, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər.
Uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinə qanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir. Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur.
Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntu baş verir. Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbi ilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər. Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı ünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər.
Bu qaydalar baba, nənə, bacı, qardaş və digər qohumların da uşaqla görüşmək və ünsiyyət saxlamaq hüququnun qorunmasına, eləcə də mənəvi zərərə görə təzminat tələb etməsinə aiddir".


