Gələn ildən ƏDV ödəyicisi olmayan mağazalardan nağdsız alış-veriş edən vətəndaşlara 0,9 faiz keşbek qaytarılması təklif olunur. Bu təşəbbüsün həm nağdsız ödənişlərin təşviqinə, həm də sahibkarların fəaliyyətinin şəffaflaşdırılmasına təsir edəcəyi gözlənilir.
Təklifin əsas məqsədi nədir və yeni mexanizm sahibkarlar üçün hansı dəyişikliklərə səbəb olacaq?
İqtisad elmləri doktoru Aqil Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu addımlar şəffaflığın təmin edilməsinə, gizli dövriyyənin qarşısının alınmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir:

"O cümlədən, ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız formada mal və xidmət alan vətəndaşlara da müəyyən məbləğin geri qaytarılmasının nəzərdə tutulması vergi sistemində mühüm dəyişiklik yarada bilər. Bu təşəbbüsün əsas iqtisadi əhəmiyyəti nağdsız ödənişlərin stimullaşdırılması ilə yanaşı, mikro və kiçik sahibkarların fəaliyyətinin rəsmiləşdirilməsinə, dövriyyənin şəffaflaşmasına və vergi bazasının genişlənməsinə şərait yaratmasıdır.
Onu da qeyd edək ki, bu mexanizmin vergi ödəyicilərinə təsiri birmənalı olmayacaq. Belə ki, burada həm müsbət stimullar, həm də sahibkarlar üçün əlavə maliyyə və inzibati öhdəliklər yarana bilər. Nəzərdə tutulan dəyişikliyə əsasən, ƏDV ödəyicisi olmayan sahibkarlardan edilən alışlar üzrə nağdsız ödənişin 0,9 faizi istehlakçıya geri qaytarılacaq. Burada mühüm məqam ondan ibarətdir ki, bu vəsait ƏDV-nin qaytarılması deyil, alış məbləğinin müəyyən hissəsi üzrə stimullaşdırıcı ödənişdir".
Aqil Əsədov əlavə edib ki, bu dəyişiklik sahibkarlar üçün bir neçə istiqamətdə təsir yaradacaq:
"İstehlakçı eyni malı və ya xidməti alarkən geri ödəniş əldə edə bildiyi üçün kartla ödənişə üstünlük verəcək. Nəticədə sahibkarların POS-terminallardan və digər elektron ödəniş vasitələrindən istifadəsi artacaq. Digər tərəfdən, nağdsız ödənişlərin artması sahibkarların faktiki satış həcminin bank və vergi məlumatlarında daha dolğun əks olunmasına imkan verəcək. Bu isə əvvəllər qeyri-rəsmi həyata keçirilən bəzi əməliyyatların leqallaşdırılmasına təkan verə bilər. Şübhəsiz ki, nağdsız ödənişlərin artması vergi orqanlarının dövriyyəyə nəzarət imkanlarını genişləndirəcək. Sahibkarlar gəlirlərin uçotunu daha dəqiq aparmağa, vergi bəyannamələrində real dövriyyəni əks etdirməyə maraqlı olacaqlar. Bir məsələni də qeyd edək ki, əvvəllər istehlakçı ƏDV ödəyicisi olan mağaza və xidmət müəssisələrindən alış etdikdə geri ödəniş əldə edə bilirdi. ƏDV ödəyicisi olmayan sahibkarlardan alış zamanı isə belə imkan mövcud deyildi. Yeni mexanizm bu fərqi müəyyən qədər azaldacaq və mikro sahibkarların rəqabət qabiliyyətini artıra bilər".
Onun sözlərinə görə, bu dəyişiklik xüsusilə bərbərxanalar və gözəllik salonları, kiçik pərakəndə ticarət obyektləri, məişət xidmətləri, kiçik iaşə müəssisələri, fərdi xidmət və təmir fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün əhəmiyyətli ola bilər:
"Bu sahələrdə nağd hesablaşmaların payı nisbətən yüksək olduğundan, istehlakçının əldə etdiyi 0,9 faizlik geri ödəniş nağdsız hesablaşmalara keçid üçün əlavə stimul yarada bilər. Digər tərəfdən, sahibkarlar üçün bank hesablarından istifadə, maliyyə tarixçəsinin formalaşması və gələcəkdə kredit resurslarına çıxış imkanlarının yaxşılaşması baxımından da müsbət nəticələr yarana bilər. Burada əsas iqtisadi məntiq ondan ibarətdir ki, dövlət nisbətən kiçik həcmli geri ödəniş stimulu vasitəsilə daha böyük həcmdə iqtisadi əməliyyatların rəsmiləşdirilməsinə nail olmağa çalışır. Bu mənada, təşəbbüsə yalnız istehlakçılara "cashback" verilməsi mexanizmi kimi yanaşmaq düzgün olmaz. Əslində, burada vergi inzibatçılığının rəqəmsallaşdırılması, mikro və kiçik sahibkarlığın iqtisadi dövriyyəsinin şəffaflaşdırılması və nağdsız iqtisadiyyatın genişləndirilməsi məqsədləri birləşir. Bununla yanaşı, dəyişikliyin müsbət nəticələrinin gücləndirilməsi üçün mikro və kiçik sahibkarlar üzrə POS-terminal və elektron ödəniş xidmətlərinin xərclərinin optimallaşdırılması, regionlarda nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, "cashback" əməliyyatları üzrə şəffaf nəzarət sisteminin yaradılması və kiçik sahibkarların vergi yükünün onların real maliyyə imkanları ilə uzlaşdırılması məqsədəuyğun olardı. Xüsusilə kiçik sahibkarlar üçün sosial sığorta xərclərinin minimum əməkhaqqına bağlılığının aradan qaldırılması da vacib məsələlərdən biridir. Ən mühüm nəticə ondan ibarətdir ki, dövlət sahibkarları inzibati üsullarla və vergi təzyiqi ilə deyil, istehlakçıların iqtisadi maraqları vasitəsilə daha şəffaf fəaliyyətə təşviq edir. Bu mənada, mexanizmin uğuru 0,9 faizlik geri ödənişin özündən daha çox onun yaradacağı davranış dəyişikliyindən və şəffaflıq səviyyəsindən asılı olacaq. İstehlakçıların kartla ödənişə üstünlük verməsi, sahibkarların isə real dövriyyələrini rəsmiləşdirməsi həm vergi bazasının genişlənməsinə, həm də sağlam rəqabət mühitinin formalaşmasına xidmət edə bilər".


