Biləsuvar rayonunda qadını fahişəliyə cəlb etməkdə və yaşadığı evi əxlaqsızlıq yuvasına çevirməkdə ittiham olunan 71 yaşlı kişi hakim qarşısına çıxarılıb.
Demokrat.az bildirir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1955-ci il təvəllüdlü, şəhər sakini R.Kərimov (şərti ad) saxlanılıb. Onun yaşadığı evdə başqa şəxslər də aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, ailə üzvləri Bakıda yaşayan R.Kərimov Biləsuvarda tək qaldığı evdə qonşuluğunda yaşayan qadını fahişəliyə cəlb edərək müxtəlif şəxslərlə görüşdürüb. Bunun müqabilində isə 10 manat pul alıb.
Təqsirləndirilən şəxs ifadəsində qadının anasının ona xeyli borcu olduğunu, bu məsələni müzakirə etmək üçün qadını evinə çağırdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi başlanıb.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə R.Kərimov hər iki maddə üzrə təqsirli bilinib. Ona 3500 manat cərimə və qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. (qafqazinfo)


