YapiKredi Müraciət Forması
Dünya Özəl

Tramp "Nvidia" rəhbərliyinə onu təklif etdi: "Bir əfsanənin yerini digəri tutur"

Tramp Nvidia rəhbərliyinə onu təklif etdi: Bir əfsanənin yerini digəri tutur

ABŞ prezidenti Donald Tramp "Nvidia" şirkətinin baş direktoru vəzifəsindən ayrılan Censen Huanın yerinə Apple-ın keçmiş rəhbəri Tim Kukun namizədliyini irəli sürüb.

Demokrat.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. O, Huanın şirkətdə uğurlu fəaliyyət göstərdiyini qeyd etdikdən sonra "Nvidia"-nın yeni rəhbəri kimi yalnız Tim Kukun adını çəkib.

"Huandın yerini tuta biləcək yeganə şəxs "Apple"dan Tim Kukdur. Bir əfsanənin yerini başqa bir əfsanə tutur", - deyə ABŞ prezidenti yazıb.

Trampın bu məsələni Kukla müzakirə edib-etmədiyi, eləcə də sonuncunun "Nvidia"ya rəhbərlik etməkdə maraqlı olub-olmadığı açıqlanmayıb. Bununla belə, şirkətin yeni rəhbərini müəyyənləşdirmək səlahiyyəti "Nvidia"nın direktorlar şurasına məxsusdur. ABŞ prezidentinin bu prosesdə rəsmi qərarvermə hüququ yoxdur.

Xatırladaq ki, Censen Huan noyabrın 12-də vəzifəsindən ayrıldığını açıqlayıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi sənəddə maliyyə direktoru Colette Kressin müvəqqəti baş direktor təyin olunduğu bildirilib. O, maliyyə direktoru vəzifəsini də icra etməyə davam edəcək. Direktorlar şurasının sədri isə Harvey C. Jones olacaq. "Nvidia" istefa ilə bağlı rəsmi səbəb açıqlamayıb.

Huanın gedişindən əvvəl onun şəxsi həyatı ilə bağlı iddialar gündəmə gəlmişdi. "The Wall Street Journal" nəşri direktorlar şurasının onun vəzifədən uzaqlaşdırılması variantını müzakirə etdiyini yazmışdı. Huan isə daha əvvəl həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən və "Nvidia" əməkdaşlarından üzr istəmişdi. Onun münasibətdə olduğu qadınlardan birinin Çin kəşfiyyatı ilə əlaqəli ola biləcəyi barədə də iddialar yayılıb. Lakin bu ehtimalı təsdiqləyən açıq sübut yoxdur.

Tim Kuk isə bu ilin sentyabrında, 2011-ci ildən rəhbərlik etdiyi "Apple" şirkətinin baş direktoru vəzifəsini Con Ternusa təhvil verib. O, hazırda şirkətin icraçı şurasının sədri kimi fəaliyyət göstərir. Kuk "Apple"dakı rəhbərliyi dövründə ABŞ və Çin rəsmiləri ilə münasibətlərin qurulmasında da mühüm rol oynayıb.

Trampla Kukun münasibətləri də əvvəlki illərdən formalaşıb. 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən tədbirdə Kuk "Apple"ın ABŞ-dakı investisiyalarını 600 milyard dollara çatdırmaq planını açıqlamış, prezidentə üzərində xüsusi oyma olan hədiyyə təqdim etmişdi. O, bu ilin mayında Trampın Çin səfərində də iştirak edib.

"Nvidia" rəhbərliyi üçün müzakirə olunan yeganə namizəd Tim Kuk deyil. "Newsweek" nəşrinin hazırladığı siyahıda şirkətin maliyyə direktoru Colette Kress, rəhbərlər Maykl Kagan və İan Buk, AMD-nin baş direktoru Lisa Su, eləcə də "Google"un keçmiş rəhbəri Eric Şmidt də yer alıb.

"Nvidia"nın direktorlar şurası həm şirkətdaxili, həm də kənar namizədləri nəzərdən keçirir. Şirkət noyabrın 17-də üçüncü rübün maliyyə nəticələrini açıqlayacaq. CNBC-nin məlumatına görə, Censen Huanın Şükranlıq bayramından əvvəl ABŞ Konqresində ifadə verməsi də gözlənilir.