Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Nvidia-nın baş icraçı direktoru (CEO) Jensen Huang ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüat üzə çıxıb. Məlum olub ki, onun münasibətdə olduğu iddia edilən çinli iş qadını Alice Huang ilə tanışlığına məhz qadının həyat yoldaşı vasitəçilik edib.
Demokrat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" saytı yazıb.
Məlumata görə, Alice Huangın həyat yoldaşı Kang Wei Jensen Huangı təxminən 10 ildir tanıyıb və onları özü tanış edib. İddialara əsasən, Kang Wei həyat yoldaşı ilə Nvidia rəhbəri arasında yaranan romantik münasibətdən təxminən iki il xəbərdar olub və buna etiraz etməyib. Hətta ətrafındakılara həyat yoldaşını zarafatla Jensen Huangın şəxsi köməkçisi kimi təqdim edib.
Qalmaqalın digər tərəfi isə biznes əlaqələri ilə bağlıdır. Bildirilir ki, Alice Huangın rəhbərliyində təmsil olunduğu Sinqapur mərkəzli "Megaspeed International" şirkəti Nvidia-nın süni intellekt çiplərindən istifadə edən əsas müştərilərdən birinə çevrilib. Şirkətin ABŞ-ın ixrac məhdudiyyətlərini pozaraq bəzi çipləri Çinə göndərib-göndərmədiyi araşdırılır.
ABŞ rəsmilərinin Alice Huangın Nvidia rəhbəri ilə yaxınlığından Çin kəşfiyyatının istifadə etmiş ola biləcəyindən şübhələndiyi bildirilir. Tayvan hakimiyyəti də onun ölkəyə giriş icazəsini ləğv edib və səfərlərinin mümkün kəşfiyyat fəaliyyəti ilə əlaqəsini araşdırır.
Çin tərəfi isə casusluq ittihamlarını rədd edib. Alice Huangın Çin kəşfiyyatı ilə əməkdaşlıq etməsi hələlik məhkəmə qərarı ilə təsdiqlənməyib.
Hadisələr fonunda Jensen Huangın şirkətdəki gələcəyi də müzakirə mövzusuna çevrilib. Məlumata görə, o, əməkdaşlarına göndərdiyi müraciətdə həyat yoldaşına sadiq qalmadığını etiraf edərək ailəsindən və həmkarlarından üzr istəyib.
Nvidia-nın direktorlar şurasının təhlükəsizlik narahatlıqları səbəbindən müstəqil araşdırmaya başladığı, şirkət rəhbərinin vəzifədən kənarlaşdırılması ehtimalının da müzakirə edildiyi bildirilir. Bununla belə, Jensen Huangın vəzifədən azad olunması ilə bağlı rəsmi açıqlama yoxdur.


