Burun axıntısı və sinusların iltihabı təkcə tənəffüs problemləri ilə deyil, diş ağrısı və ağızdan gələn xoşagəlməz qoxu ilə də müşayiət oluna bilər.
Demokrat.az xəbər verir ki, əczaçı Reyçel Cons bu barədə "Daily Mirror" nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, sinuslarda yaranan iltihab zamanı selik boğazın arxa divarına axaraq qıcıqlanma və öskürəyə səbəb ola bilər. Bu vəziyyət ağızda xoşagəlməz dad və qoxunun yaranmasına da gətirib çıxarır.
Mütəxəssis bildirib ki, burun tutulması səbəbindən ağızla nəfəs almaq ağız boşluğunda quruluq yaradır. Bu isə ağız qoxusunu daha da gücləndirə bilər.
Əczaçının diqqət çəkdiyi digər məqam isə üst azı dişlərində yaranan ağrıdır. Belə ki, üst çənə sinusları həmin dişlərin köklərinə yaxın yerləşir. Sinuslarda iltihab və təzyiq yarandıqda ağrı dişlərdə də hiss oluna bilər.
Sinusit zamanı alın, yanaq və göz ətrafında ağrı və təzyiq də müşahidə edilə bilər. Bu əlamətlər xüsusilə irəli əyildikdə güclənə bilər.
Reyçel Cons vəziyyətin yüngülləşdirilməsi üçün kifayət qədər maye qəbul etməyi və ağız boşluğunun gigiyenasına diqqət yetirməyi tövsiyə edib.
Qeyd edək ki, diş ağrısı və ağız qoxusunun müxtəlif səbəbləri ola bilər. Bu əlamətlər davam edərsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.


