YapiKredi Müraciət Forması
Sağlamlıq

8 gün qəhvə içən insanları izlədilər — Gözlənilməz faydası üzə çıxdı

8 gün qəhvə içən insanları izlədilər — Gözlənilməz faydası üzə çıxdı

Müntəzəm qəhvə istehlakının bağırsaqların fəaliyyətinə müsbət təsir göstərə biləcəyi müəyyənləşib. Araşdırmaya görə, bu içkini tez-tez qəbul edən insanlarda bağırsaq bakteriyalarının müxtəlifliyi daha yüksək, yoğun bağırsağın fəaliyyəti isə daha aktiv olur.

Demokrat.az xəbər verir ki, bu qənaətə Kopenhagen Universitetinin alimləri gəlib.

Tədqiqatın nəticələri "Gut Microbiology" elmi jurnalında dərc olunub.

Araşdırmada 61 sağlam yetkin iştirak edib. Səkkiz gün ərzində onların qəhvə istehlakı izlənilib, bağırsaq bakteriyalarının tərkibi və həzm sisteminin fəaliyyəti öyrənilib. Bunun üçün turşuluğu və bağırsaq yığılmalarını ölçən xüsusi elektron kapsuldan istifadə olunub.

Məlum olub ki, müşahidə müddətində üç gündən çox qəhvə içən şəxslərdə bağırsaq bakteriyalarının müxtəlifliyi daha yüksək olub. Eyni zamanda, sidikdə kofeinin parçalanma məhsullarının miqdarının artması yoğun bağırsağın yığılmalarının çoxalması ilə əlaqələndirilib.

Alimlərin fikrincə, bu yığılmalar bağırsaq möhtəviyyatının hərəkətini təmin edir və qəbizliyin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Tədqiqat zamanı qəhvə sevən insanların nazik bağırsağında pH səviyyəsinin də daha aşağı olduğu müəyyən edilib. Lakin alimlər bu dəyişikliyin həzm sistemi üçün faydalı olub-olmadığını hələ dəqiqləşdirə bilməyiblər.

Qeyd edək ki, araşdırma qəhvənin bağırsaq sağlamlığına mümkün müsbət təsirlərini göstərsə də, iştirakçıların sayının az və müşahidə müddətinin qısa olması nəticələrin daha geniş tədqiqatlarla təsdiqlənməsini zəruri edir.

Editor
Redaktor