Kofein qəbul etmədən də qəhvənin beyin fəaliyyətinə təsir göstərməsi mümkündür. Çinli alimlərin araşdırması göstərib ki, kofeini xüsusi üsullarla azaldılmış qəhvə diqqət, yaddaş və reaksiya sürətində müsbət dəyişikliklərə səbəb ola bilər. Maraqlıdır ki, bu təsirlər içki qəbul edildikdən cəmi 30 dəqiqə sonra müşahidə olunub.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Neurology" elmi jurnalında dərc edilib.
Araşdırmada 31 yetkin könüllü iştirak edib. Alimlər iştirakçıların qəhvə qəbul etməzdən əvvəl və içdikdən 30 dəqiqə sonra diqqət, yaddaş və reaksiya sürətini qiymətləndiriblər. Eyni zamanda, funksional maqnit-rezonans tomoqrafiyası vasitəsilə onların beyin fəaliyyətində baş verən dəyişikliklər izlənilib.
Nəticələrə əsasən, kofeinsiz qəhvə qəbulundan sonra könüllülər diqqət tələb edən və məlumatı yadda saxlamağa yönəlmiş tapşırıqları daha sürətlə yerinə yetiriblər. Barmaqların hərəkət sürətini ölçən testlərdə də yaxşılaşma qeydə alınıb.
Beynin müayinəsi zamanı vizual məlumatların emalında iştirak edən bəzi nahiyələrdə aktivliyin artdığı müəyyən edilib. Hərəkətlərin idarə olunmasına cavabdeh olan beyin sahələrində də dəyişikliklər müşahidə olunub. Bundan başqa, beyin nahiyələrindən birindəki aktivliyin səviyyəsi iştirakçıların diqqət testlərini yerinə yetirmə sürəti ilə əlaqələndirilib.
Bununla yanaşı, tədqiqat zamanı bəzi arzuolunmaz təsirlər də aşkarlanıb. Belə ki, kofeinsiz qəhvə qəbulundan sonra iştirakçıların diastolik qan təzyiqi yüksəlib və baş ağrıları güclənib. Ürək döyüntülərinin tezliyi və sistolik qan təzyiqində isə ciddi dəyişiklik qeydə alınmayıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, qəhvənin beyin fəaliyyətinə təsiri yalnız kofeinlə əlaqəli deyil. İçkinin tərkibində olan digər bioloji aktiv maddələr də sinir sisteminin fəaliyyətinə təsir göstərə bilər.
Qeyd edək ki, kofeinsiz qəhvə adi qəhvə dənələrindən hazırlanır. İstehsal zamanı xüsusi üsullarla dənələrin tərkibindəki kofeinin böyük hissəsi çıxarılır. Buna baxmayaraq, içkidə az miqdarda kofein qala bilər. Bu növ qəhvə adi qəhvənin dadını qorumaqla yanaşı, kofein qəbulunu azaltmaq istəyənlər üçün alternativ hesab olunur.


