Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda 17 yaşlı Muhammet K.-nın ölümü ilə nəticələnən dava ilə bağlı həbs edilən Portuqaliya vətəndaşının ABŞ-da yayımlanan məşhur realiti-şounun iştirakçısı olduğu üzə çıxıb.
Demokrat.az xəbər verir ki, hadisə ilə əlaqədar saxlanılan 36 yaşlı Joao Grant Franco "Below Deck" adlı televiziya proqramında dörd mövsüm iştirak edib.
Hadisə noyabrın 7-də Bodrumun Çarşı məhəlləsində yerləşən iaşə obyektlərindən birində baş verib. İddialara görə, sərxoş vəziyyətdə olan Joao Grant Franco və 34 yaşlı qardaşı Carlos Campbell Franco müəssisədə nalayiq ifadələr işlədib. Bu, obyektin işçiləri ilə onların arasında mübahisəyə, daha sonra isə davaya səbəb olub.
Dava zamanı dörd nəfər xəsarət alıb. Başını sərt səthə çırpan 17 yaşlı Muhammet K. xəstəxanaya yerləşdirilsə də, noyabrın 9-da həyatını itirib.
Hadisə ilə bağlı Joao Grant Franco və qardaşı Carlos Campbell Franco həbs olunub. Digər iki şübhəli – Y.A. və F.A. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Araşdırma zamanı məlum olub ki, xüsusi yaxtaların kapitanı kimi çalışan Joao Grant Franco ABŞ istehsalı olan "Below Deck" realiti-şousunda dörd mövsüm yer alıb. O, proqramda göyərtə işçisi, baş göyərtəçi və ikinci kapitan vəzifələrində çalışıb.
Franco polisə ifadəsində günahsız olduğunu və qarşı tərəfin hücumuna məruz qaldıqlarını bildirib. Qardaşı da özünü müdafiə etmək məqsədilə qarşılıq verdiyini iddia edib. O, Joao Grant Franconun yeniyetməyə zərbə endirmədiyini, Muhammet K.-nın tarazlığını itirərək yıxılmış ola biləcəyini söyləyib.


