YapiKredi Müraciət Forması
Media Özəl

Nizami Cəfərov: Bu üç amil milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb

Nizami Cəfərov: Bu üç amil milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb

"Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasını üç mühüm komponent təşkil edir: etnos, din və ümumbəşəri dəyərlər. Birinci komponent türkçülük, yəni Azərbaycan xalqının etnik mənsubiyyətidir. İkinci komponent dindir. Etnos və din arasındakı münasibətlər mədəni dialoq üzərində qurulmalı, bu iki anlayış bir-birini tamamlamalıdır. Üçüncü komponent isə ümumbəşərilikdir. İnsan hansı etnosa və dinə mənsub olmasından asılı olmayaraq, eyni zamanda bəşəriyyətin bir parçasıdır. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında bu üç amil daim mühüm rol oynayıb".

Demokrat.az xəbər verir ki, bu fikirləri "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masada akademik, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.

O bildirib ki, Azərbaycançılığın əsas mahiyyəti də məhz bu üç komponentin qarşılıqlı əlaqəsindən ibarətdir:

"Bəzən etnik kimlik, bəzən dini dəyərlər, bəzən isə müasirlik və ümumbəşəri prinsiplər ön plana çıxa bilər. Lakin ideal vəziyyət bu komponentlərin bir-birini tənzimləməsi və tarazlıqda saxlamasıdır.
Azərbaycançılıq ideyası müxtəlif tarixi dövrlərdə fərqli məzmun və xüsusiyyətlər qazanaraq milli ruhun yüksəlişinə xidmət edib. Müstəqillik dövründə Azərbaycançılığın dövlət ideologiyası səviyyəsinə yüksəldilməsinin əsas mənbələrindən biri Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan milli ideoloji irs olub. Həmin dövrün ideyaları ilə sonrakı mərhələdə yaranan yanaşmalar arasında fərqli cəhətlər olsa da, onların hər ikisi Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik düşüncəsinin inkişafına töhfə verib.

Heydər Əliyev dövründə Azərbaycançılıq ideologiyasının inkişafı isə bu prosesdə mühüm mərhələ təşkil edib. Bu ideologiya yalnız keçmişin öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanı dünyaya tanıdan, xalqın düşüncəsini, mədəniyyətini və dilini beynəlxalq miqyasda təqdim edən mühüm ideoloji platformadır.

Azərbaycançılıq xalqın milli kimliyi ilə bağlı aşağılıq kompleksinin aradan qaldırılmasına, milli özünüdərkin güclənməsinə və dövlətçilik düşüncəsinin inkişafına xidmət edən ideologiyadır. Bu baxımdan onun hər bir şüurlu vətəndaş tərəfindən öyrənilməsi və mənimsənilməsi vacibdir".

Nuray Paşşanlı

Editor
Redaktor