Bakının Yasamal rayonunda 41 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Qədirli küçəsində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Babək həmin küçədə yerləşən evdə keçmiş arvadı Səidə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Babəklə Səidə boşansalar da, eyni evdə yaşamağa davam ediblər. Hadisədən əvvəl Səidə evdən çıxarkən keçmiş ərindən icazə almayıb. Bu isə Babəkin hiddətlənməsinə səbəb olub.
Babək keçmiş arvadının ondan icazə almadan evdən çıxmasına etiraz edib. Səidə isə boşandıqlarını və hərəkətlərinə görə keçmiş ərindən icazə almağa borclu olmadığını bildirib.
Qadının bu sözləri mübahisəni daha da qızışdırıb. Şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Babək keçmiş arvadının üz nahiyəsinə qəsdən zərbə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Babək barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, keçmiş arvadı ilə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini bildirib.
Zərərçəkmiş Səidə də keçmiş ərinin dediklərini təsdiqləyib. O, Babəklə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Babək zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tam ödədiyi üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


