YapiKredi Müraciət Forması
Dünya Özəl

NATO rəhbəri Rutte Rusiyanın Ukraynadakı dəhşətli itkilərini açıqladı

NATO rəhbəri Rutte Rusiyanın Ukraynadakı dəhşətli itkilərini açıqladı

Rusiyanın Ukraynada canlı qüvvə itkiləri kəskin artıb. NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya ordusu son dövrlərdə hər ay 40 mindən çox hərbçisini öldürülmüş və ya ağır yaralanmış vəziyyətdə itirir. Oktyabrda bu rəqəmin 50 mini keçdiyi ehtimal olunur.

Demokrat.az xəbər verir ki, Rutte bu barədə Atlantik Gələcəyi Forumunda çıxışı zamanı danışıb.

NATO rəhbəri Rusiyanın itkilərini ABŞ-ın Vyetnam müharibəsində verdiyi itkilərlə müqayisə edib. Onun sözlərinə görə, ABŞ Vyetnamda 14 il ərzində təxminən 56 min hərbçi itirdiyi halda, Rusiya Ukraynada cəmi bir ay ərzində 40 mindən çox hərbçisini öldürülmüş və ya ağır yaralanmış vəziyyətdə itirib.

Rutte oktyabr ayı üzrə ilkin məlumatlarda bu göstəricinin 50 mindən çox ola biləcəyini vurğulayıb.

NATO-nun baş katibi qeyd edib ki, cəbhədə uğursuzluqlarla üzləşən Rusiya Prezidenti Vladimir Putin Ukrayna əhalisinin müqavimət iradəsini qırmağa çalışır. Bunun üçün Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar edilir, xüsusilə də qış ərəfəsində kritik infrastruktur hədəfə alınır.

Rutte Rusiyanın Avropada təxribat fəaliyyətlərini də gücləndirdiyini bildirib. Onun sözlərinə görə, Kreml Qərb cəmiyyətlərində sabitliyi pozmaq və Ukraynaya dəstəyi zəiflətmək məqsədilə yanğınlar, dron insidentləri, kiberhücumlar və digər hibrid əməliyyatlardan istifadə edir.

Bununla belə, NATO rəhbəri Rusiyanın bu cəhdlərinin nəticəsiz qaldığını deyib. O bildirib ki, Rusiyanın hibrid hücumlarına cavab olaraq müttəfiqlər Ukraynaya dəstəyi artırır, eyni zamanda müdafiə xərclərini yüksəldirlər.

Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, oktyabr ayında Rusiya ordusunun 54 400 hərbçisi öldürülüb və ya ağır yaralanıb. Müharibənin gedişini izləyən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatlarına əsasən isə həmin ay Rusiya qüvvələri Ukraynada 139,85 kvadratkilometr ərazi ələ keçirib, eyni zamanda 167,14 kvadratkilometr əraziyə nəzarəti itirib.

Bloomberg-in məlumatına görə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya ordusunun sıralarında döyüşən 11 minə yaxın xarici ölkə vətəndaşı da Ukraynada öldürülüb.