Valideynlərlə övladlar arasında, xüsusilə ana və qız münasibətlərində fikir ayrılıqları və anlaşılmazlıqlar tez-tez müşahidə olunur. Bəzi hallarda valideynlərin övladlarına qarşı həddindən artıq nəzarətçi və tələbkar davranması, bəzən isə uşaqların özlərini ifadə etməkdə çətinlik çəkməsi münasibətlərdə gərginliyə səbəb olur.
Ana və qız arasında ünsiyyət problemlərinin əsas səbəbləri nələrdir? Valideynlər övladları ilə sağlam münasibət qurmaq üçün necə davranmalıdırlar?
Demokrat.az-a bu barədə danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, ana ilə qız arasında fikir ayrılığı xüsusilə yeniyetməlik dövründə daha aydın görünə bilər:

"Qız böyüdükcə dostluqları, geyimi, asudə vaxtı və gələcəyi barədə qərarlarda daha çox söz sahibi olmaq istəyir. Ana isə həyat təcrübəsinə əsaslanaraq onu mümkün səhvlərdən qorumağa çalışır. Ana qayğı ilə verdiyi sualın necə səsləndiyini, qız isə anasının hansı narahatlığı yaşadığını hər zaman görə bilmir. Məsələn, "Kimlə gedirsən, nə vaxt qayıdacaqsan?" sualı sakit tonda və səbəbi izah edilərək veriləndə təhlükəsizliklə bağlı adi söhbətdir. Eyni sual hər dəfə ittihamla veriləndə qız bunu özünə etimadsızlıq kimi qəbul edə bilər. Bəzi ailələrdə qızın davranışı ilə bağlı gözləntilər "El nə deyər?" sualı ətrafında formalaşır. Ailənin dəyərlərini övladla bölüşmək vacibdir. Bunun üçün həmin dəyərlərin ailə üçün nə ifadə etdiyini və gündəlik seçimlərdə necə yaşandığını danışmaq lazımdır. Söhbət daim başqalarının mühakiməsi üzərində qurulanda qız öz fikrini açıq deməkdən çəkinə bilər. Eyni şəkildə, müqayisə, kinayə və ya qızın etibar edib danışdığı bir məsələnin sonradan mübahisədə onun üzünə vurulması da ünsiyyəti zəiflədir. Belə təcrübələr təkrarlandıqda qız evdə az danışmağa başlaya, ana isə bunu özündən uzaqlaşma kimi görüb nəzarəti artıra bilər. Beləcə, hər iki tərəfin reaksiyası gərginliyi davam etdirir".
Psixoloq vurğulayıb ki, ilk addım övladın sözünü bitirməsinə imkan verməkdir:
"Uşaq evə gəlib dostu ilə mübahisə etdiyini danışanda valideyn dərhal məsləhət verməzdən əvvəl "Səni ən çox incidən nə oldu?" deyə soruşa bilər. Bəzən "İstəyirsən, sadəcə səni dinləyim, yoxsa birlikdə çıxış yolu düşünək?" sualı uşağın həmin anda nəyə ehtiyacı olduğunu anlamağa kömək edir. Valideyn övladının hissini qəbul edib qaydanı da aydın saxlaya bilər. Məsələn, "Dostlarınla bir az da qalmaq istədiyini başa düşürəm. Evə qayıdacağın vaxtı əvvəlcədən razılaşdıraq. Plan dəyişsə, mənə xəbər et". Qaydalar aydın, ardıcıl və yaşa uyğun olmalıdır. Təhlükəsizliklə bağlı sərhədləri valideyn müəyyənləşdirir. Geyim, maraq dairəsi və asudə vaxt kimi gündəlik məsələlərdə isə övlada seçim etmək və seçiminin nəticəsini görmək üçün tədricən daha çox imkan vermək olar. Bu, uşağa ailənin dəyərləri barədə öz suallarını verməyə, fikrini əsaslandırmağa və qərarlarına görə məsuliyyət daşımağa kömək edir. Mübahisədən sonra söhbətə necə qayıtmaq da münasibətin bir hissəsidir. Ana "Dünən səsimi qaldırdım. Səni dinləməli idim. İndi danışmaq istəsən, səni eşitmək istəyirəm"deyə bilər. Valideyn öz davranışına görə məsuliyyət götürəndə övladına da səhvini necə qəbul etməyi göstərir. Münasibətdə etimadın ən aydın əlamətlərindən biri budur ki, övlad valideyninin onunla razılaşmayacağını bilsə belə, çətin bir məsələni evdə açıq danışa bilir".


