YapiKredi Müraciət Forması
Özəl Sosial

"Restoranlardakı sıxlıq əhalinin rifahını tam göstərmir"

Restoranlardakı sıxlıq əhalinin rifahını tam göstərmir

Sosial şəbəkələrdə insanların konsertlərə getməsi, ticarət mərkəzlərində yemək yeməsi və restoranların qarşısında sıxlıq yaranması kimi görüntülər paylaşılaraq "camaatın pulu var", "insanlar yaxşı yaşayır" kimi fikirlər səsləndirilir. Halbuki, insanların müəyyən məkanlarda pul xərcləməsi onların maddi imkanlarının yüksək olması demək deyil. İqtisadiyyatda bununla bağlı "lipstick effect" (pomada effekti) adlı anlayış var. Bu yanaşmaya görə, iqtisadi çətinliklər dövründə belə insanlar özlərini müvəqqəti xoşbəxt hiss etmək üçün kiçik məbləğlər xərcləməyə davam edirlər. Məsələn, ev almağa imkanı çatmayan şəxs özünə pomada ala, yaxud böyük alış-verişlərdən imtina etsə də, konsertə və ya restorana gedə bilər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, insanların restoranlarda, istirahət bölgələrində və müxtəlif mədəniyyət məkanlarında vaxt keçirməsi, təbii ki, onların gəlirləri və rifah halı ilə bağlıdır:

Restoranlardakı sıxlıq əhalinin rifahını tam göstərmir

"Bu, rifah səviyyəsini göstərən amillərdən biri hesab oluna bilər. Məsələn, sadə bir müqayisə aparaq. 1990-cı illərin ortalarında və sonlarına doğru ölkədə vəziyyət elə idi ki, insanlar teatra belə getmirdilər. İstirahət bölgələrinə gedənlərin sayı da çox az idi. Azərbaycanda brend mağazalara rast gəlmək demək olar ki, mümkün deyildi. 2000-ci ildən, xüsusilə 2003-cü ildən sonra neft gəlirlərinin ölkəyə daxil olması ilə gəlirlərin formalaşmasında müəyyən dəyişikliklər başladı. Bunun nəticəsində brend mağazaların sayı artdı, insanlar səyahətə, istirahətə və müxtəlif mədəni tədbirlərə daha çox maraq göstərməyə başladılar".

İqtisadçı əlavə edib ki, xərcləri zəruri və zövq xərcləri olaraq iki yerə bölmək olar:

"Zəruri xərclərə qida və geyim kimi gündəlik tələbatlar daxildir. Əgər insan gəlirinin böyük hissəsini yalnız qida və zəruri geyimə sərf edirsə, bu, onun gəlir səviyyəsinin aşağı olduğunu göstərir. Amma xərclər arasında mədəniyyət, istirahət və digər zövq xərclərinin payı artmağa başlayırsa, bu, gəlirlərin yüksəlməsinin göstəricisi hesab oluna bilər. Lakin burada aldadıcı bir məqam da var. Əsas məsələ ümumi əhalinin neçə faizinin bu rifah səviyyəsinə çatmasıdır. Statistik göstəricilərdən də görürük ki, orta gəlirli insanların gəlirlərinin təxminən 47-50 faizi qida kimi zəruri xərclərə gedir. Hətta həmin təbəqədə mədəniyyət və digər bu kimi xərclərin payı 6-10 faizə qədər düşə bilir. Bu baxımdan, əslində, yüksək gəlirə malik müəyyən bir təbəqə var ki, restoranlarda, istirahət məkanlarında daha çox görünür və ümumi mənzərədə rifah səviyyəsinin yüksək olduğu təəssüratını yarada bilir. Amma bu, bütün əhalinin rifahının yaxşı olması demək deyil. Sadəcə, biz həmin məkanların görüntülərini daha çox görürük. Halbuki 10 milyonluq əhali ilə müqayisədə istirahətə gedən və bu imkanlardan mütəmadi istifadə edən insanların sayı ümumi əhalinin nisbətən kiçik bir hissəsini təşkil edir. Yəni istirahətə gedən insanların rifah səviyyəsinin yaxşı olduğu görünə bilər, lakin bunu bütün əhaliyə şamil etmək düzgün deyil".