Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu dəfə meydanda deyil, televiziya ekranlarında gündəmə gəlməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, onun ortaq olduğu prodüser şirkətinin ilk böyük layihələrindən biri olan futbol mövzulu "Day 1s" serialının çəkilişlərinə başlanılıb.
Ronaldo serialın çəkilişlərinin başladığını sosial şəbəkə hesabında elan edib. O, paylaşımında bunun ilk televiziya serialı olduğunu bildirərək layihədən həyəcan duyduğunu qeyd edib.
Serialın süjeti İngiltərədə cərəyan edən uydurma futbol hekayəsi üzərində qurulub. Ekran işində məşhur "Homeland" serialından tanınan aktyor Damian Lewis futbol menecerini canlandıracaq. Repçi Dave-in də layihədə rol alacağı gözlənilir.
Qeyd edək ki, "Day 1s Ronaldo" və "Kick-Ass", "Kingsman" filmlərinin rejissoru Metyu Vonun 2025-ci ilin aprelində yaratdığı UR·MARV Studios şirkətinin ilk böyük layihələrindəndir. Ronaldo serialın icraçı prodüseri kimi çıxış edəcək. Onun bəzi bölümlərdə aktyor kimi də görünə biləcəyi istisna edilmir.


