Türkiyəli müğənni Berdan Mardini ikinci həyat yoldaşı Dilara Talaydan boşandıqdan sonra ilk dəfə danışıb. Sənətçi ayrılığın səbəbi ilə bağlı qısa açıqlama verib.
Demokrat.az xəbər verir ki, Mardini "Snob Magazin"in kameraları qarşısında keçmiş həyat yoldaşı barədə danışıb. O, Dilara Talayın yaxşı insan olduğunu, lakin münasibətlərində anlaşa bilmədiklərini söyləyib.
Müğənni məhkəmədən keçmiş həyat yoldaşı ilə əl-ələ çıxması barədə yayılan iddiaya da münasibət bildirib. "Heç kimlə düşmən deyiləm, amma məhkəməyə əl-ələ girib, elə də çıxmaram", – deyə Mardini qeyd edib.
Xatırladaq ki, Berdan Mardini 2021-ci ildə Fatoş Yelilerlə boşandıqdan sonra Dilara Talayla ailə qurub. İngilis dili müəllimi olan Talayla müğənninin toyu 10 aprel 2025-ci ildə İstanbulun Başakşehir rayonunda baş tutub. Lakin cütlüyün münasibətində yaranan problemlər onların ayrılması ilə nəticələnib.
Tərəflər Silivri Ədliyyəsində keçirilən bir məhkəmə iclasında razılaşma əsasında boşanıblar. Ayrılıq xəbəri noyabrın 5-də mətbuata yansıyıb. Mardini müsahibəsində yaxın vaxtlarda Yaponiyaya səfər edəcəyini də açıqlayıb.


