Avstraliyanın Viktoriya ştatında dostu ilə düşərgəyə gedərkən itkin düşən 17 yaşlı autizmli yeniyetmə altı günlük axtarışlardan sonra sağ vəziyyətdə tapılıb.
Demokrat.az xəbər verir ki, Uilyam adlı yeniyetmə Melburn şəhərindən təxminən 180 kilometr şərqdə yerləşən meşəlik ərazidə dostu ilə düşərgə qurarkən yoxa çıxıb. Gecələr havanın həddindən artıq soyuq olması onun həyatı ilə bağlı ciddi narahatlıq yaradıb.
İtkin düşən yeniyetmənin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Əraziyə polis itləri, dalğıclar və helikopterlər cəlb olunub. Axtarışların altıncı günü, cümə axşamı səhər saatlarında Uilyam helikopterdən çəkilən görüntülər əsasında müəyyən edilib. Onun bir qayanın üzərində xilas edilməsini gözlədiyi məlum olub.
ABC News-un məlumatına görə, xilasedicilər yeniyetməni xüsusi qaldırıcı vasitə ilə təhlükəsiz əraziyə çıxarıblar. Ona su və yemək verildikdən sonra xəstəxanaya aparılıb. Daha sonra ailəsi ilə görüşən Uilyamın vəziyyətinin yaxşı olduğu bildirilib.
Yeniyetmənin anası Elizabet Barkli oğlunun yalnız bir neçə sıyrıq aldığını və səhhətində ciddi problemin olmadığını deyib.
O, zarafatla oğlunun bundan sonra bir daha evdən çıxmayacağını söyləyib.
Viktoriya polisi rəsmisi Ceyson Benbou isə yeniyetmənin sağ tapılmasının onları çox sevindirdiyini bildirib. Onun sözlərinə görə, belə nəticələr hər zaman mümkün olmur və Uilyamın yaşadıqlarını öz dilindən dinləmək istəyirlər.


