YapiKredi Müraciət Forması
Dünya Özəl

Türkiyədə ən çox israf edilən ərzaq məhsulu açıqlandı – Çörəyi geridə qoydu

Türkiyədə ən çox israf edilən ərzaq məhsulu açıqlandı – Çörəyi geridə qoydu

Türkiyədə ev təsərrüfatlarında ən çox zibilə atılan ərzaq məhsulları sırasında təzə meyvə və tərəvəz birinci yerdə qərarlaşıb. Uzun müddət bu siyahıya liderlik edən çörək isə ikinci sıraya düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" yazıb.

Türkiyə Statistika İnstitutunun (TÜİK) 2025-ci il göstəricilərinə əsasən, ölkədə israf edilən qidaların 39,7 faizini təzə meyvə və tərəvəz, 32,5 faizini isə çörək təşkil edir. Süd və süd məhsullarının payı 15,1 faiz, quru paxlalıların payı 5,9 faizdir. Makaron, eləcə də ət və ət məhsulları üzrə göstərici isə 2,7 faiz təşkil edir.

Məlumata görə, evlərdə atılan qidaların 74,4 faizi vaxtında istifadə edilmədiyi və xarab olduğu üçün zibilə gedir. Son istifadə müddəti başa çatan məhsulların payı 12,1 faiz, ehtiyacdan artıq alınan və ya bişirilən yeməklərin payı isə 6,3 faizdir. Bu isə ərzaq israfının əsas səbəbinin süfrədə qalan yeməklərdən çox, soyuducuda və mətbəxdə xarab olan məhsullar olduğunu göstərir.

Araşdırmada istehlakçıların əzilmiş və ya görünüşü standartlara uyğun olmayan meyvə-tərəvəzi almaması, eləcə də daşınma zamanı yaranan itkilərin də israfı artırdığı bildirilir.

Türkiyənin müvafiq qurumunun hesablamalarına görə, ölkədə hər il ev təsərrüfatlarında təxminən 12 milyon ton ərzaq israf olunur. Bu, adambaşına gündəlik təxminən 500 qram qida itkisi deməkdir. Ümumi ərzaq israfının 70-80 faizinin məhz evlərdə baş verdiyi qeyd edilir.

"Türkiye Gazetesi"nin TZOB-un 28 oktyabr 2026-cı il tarixli bazar qiymətləri əsasında apardığı hesablamaya görə, bir kiloqram pomidor, acı bibər, xiyar və almanın ümumi qiyməti 349,93 lirədir. Bu məhsulların 30 faizi zibilə atılarsa, həftəlik itki təxminən 105 lirə, aylıq itki isə 420 lirə təşkil edir.

Məqalədə ərzaq israfının istehsalçılara da təsir etdiyi vurğulanır. Gübrə, yanacaq, işçi qüvvəsi və suvarma xərclərinin artması bəzi fermerləri əkin sahələrini azaltmağa və ya istehsalı dayandırmağa məcbur edir. Nəticədə istehlakçı aldığı məhsulun bir hissəsini atır, istehsalçı isə artan xərclər fonunda kifayət qədər gəlir əldə edə bilmir.