YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

2008-ci ildə ekranlara çıxan, unudulmayan türk serialları - 18 il əvvəlki ekran hitləri

2008-ci ildə ekranlara çıxan, unudulmayan türk serialları - 18 il əvvəlki ekran hitləri

2008-ci il Türkiyə televiziya tarixində yaddaqalan serialların təqdim olunduğu illərdən biri olub. Həmin vaxt ekranlara gələn bəzi layihələr qısa müddətdə izləyicilərin sevgisini qazanıb, bəziləri isə illər keçməsinə baxmayaraq təkrar yayımları ilə maraq doğurmaqda davam edir.

Demokrat.az xəbər verir ki, 2008-ci ildə yayıma başlayan seriallar arasında komediya, dram, ailə, kriminal və romantik janrda çəkilən müxtəlif layihələr yer alıb.

Həmin seriallardan biri "Akasya Durağı" olub. 14 iyul 2008-ci ildə Kanal D-də yayımlanmağa başlayan ekran əsəri taksi dayanacağında çalışan sürücülərin gündəlik həyatından, münasibətlərindən və başlarına gələn hadisələrdən bəhs edirdi. Zeki Alasya, Cezmi Baskın, Levent Ülgen və Melek Baykalın rol aldığı serial 2012-ci ildə 174 bölümdən sonra başa çatıb.

2008-ci ilin diqqətçəkən layihələrindən biri də "Aşk-ı Memnu" olub. Halid Ziya Uşaklıgilin eyniadlı romanı əsasında çəkilən serial 4 sentyabr 2008-ci ildə tamaşaçılara təqdim edilib. Beren Saat və Kıvanç Tatlıtuğun baş rolları paylaşdığı ekran əsəri qadağan olunmuş sevgi münasibətindən bəhs edirdi. 2010-cu ildə Bihter obrazının faciəvi ölümü ilə başa çatan serial bu gün də Türkiyənin ən çox xatırlanan televiziya layihələrindən sayılır.

Həmin il yayıma başlayan "Adanalı" isə kriminal hadisələri, aksiyanı və komediyanı birləşdirirdi. Oktay Kaynarca və Mehmet Akif Alakurtun baş rollarda çəkildiyi serial iki uşaqlıq dostunun fərqli yollara düşməsindən bəhs edirdi. Layihə üç mövsüm və 79 bölüm davam edib.

Ailə münasibətlərini ön plana çıxaran "Benim Annem Bir Melek" də 2008-ci ilin sevilən ekran işlərindən olub. Oya Başarın canlandırdığı Neriman obrazı və onun ətrafında cərəyan edən ailə hadisələri tamaşaçıların marağına səbəb olub. Serial 2010-cu ildə 64 bölümlə başa çatıb.

Digər yaddaqalan layihələr sırasında "Unutma Beni" də yer alır. Həftəiçi hər gün yayımlanan serial səkkiz mövsüm ərzində ümumilikdə 1702 bölüm nümayiş etdirib. Ailə münasibətləri, keçmişdən gələn sirlər və sevgi hekayələri üzərində qurulan ekran əsəri 2016-cı ildə final edib.

Komediya janrında çəkilən "1 Erkek 1 Kadın" isə Zeynep və Ozanın gündəlik həyatını yumoristik formada təqdim edirdi. Demet Evgar və Emre Karayelin baş rollarda çəkildiyi serial ümumilikdə 416 bölüm davam edib və Türkiyənin yadda qalan sitcom layihələrindən birinə çevrilib.

2008-ci ildə tamaşaçılara təqdim olunan "Küçük Kadınlar" beş bacının valideynlərini itirdikdən sonra həyat mübarizəsini, "Canım Ailem" isə gözlənilmədən üç uşağın məsuliyyətini üzərinə götürən Samimin həyatını ekrana gətirib. Hər iki layihə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, "Yol Arkadaşım", "Dolu Dizgin Yıllar", "Gece Gündüz" və "Yalancı Romantik" də həmin ilin serialları sırasında olub.

2008-ci ildə yayıma başlayan bütün layihələr isə uzunömürlü olmayıb. Bəzi seriallar aşağı reytinqlər səbəbindən qısa müddətdə ekranlardan yığışdırılıb. Ahmet Kural və Selin Demiratarın rol aldığı "Gazi" 14 bölüm, Serenay Sarıkaya və Kaan Urgancıoğlunun çəkildiyi "Limon Ağacı" 10 bölüm, "Serçe" və "Derman" isə cəmi 8 bölüm yayımlanıb.

Beləliklə, 18 il əvvəl Türkiyə telekanallarında nümayiş etdirilən serialların bir qismi televiziya tarixində iz qoysa da, digərləri qısa yayım müddətinə baxmayaraq tamaşaçıların yaddaşında qalıb.