Uşaqlarda yüksək hərarət valideynlərin ən çox narahatlıq keçirdiyi sağlamlıq problemlərindən biridir. Bəzi hallarda qızdırma orqanizmin infeksiyaya qarşı təbii reaksiyası olsa da, hərarətin həddindən artıq yüksəlməsi və müəyyən simptomlarla müşayiət olunması ciddi fəsadlara, hətta həyati təhlükəyə səbəb ola bilər. Xüsusilə körpələrdə və azyaşlı uşaqlarda bu vəziyyətə daha diqqətlə yanaşmaq lazımdır.
Bəs uşaqlarda yüksək hərarət hansı hallarda təhlükəli hesab olunur? Hansı əlamətlər zamanı valideynlər dərhal təcili tibbi yardıma müraciət etməlidirlər? Qızdırma nə zaman uşağın həyatı üçün risk yarada bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, uşaqların orqanizmi daha həssas və reaktiv olduğu üçün istənilən infeksiyaya böyüklərlə müqayisədə daha güclü reaksiya verə bilər.

Onun sözlərinə görə, bu səbəbdən onlarda hərarət daha sürətlə yüksəli:
"Temperaturun 40 dərəcədən yuxarı qalxması isə ciddi fəsadlara, o cümlədən qıcolmalara səbəb ola bilər. Belə hallarda uşaqların orqanizmində maye itkisi artır, mikrosirkulyasiya qanın kiçik damarlarda hərəkəti çətinləşir və toxumaların oksigenlə təminatında problemlər yarana bilər. Ağır hallarda biokimyəvi proseslərin pozulması həyati təhlükəli nəticələrə gətirib çıxara bilər. Ona görə də uşaqlar xəstələndikdə onlara mütəmadi olaraq bol maye verilməlidir. Hərarət 38,5 dərəcədən yuxarı qalxdıqda isə onun aşağı salınmasına diqqət yetirilməlidir. Bu zaman həkimlə məsləhətləşərək parasetamol və ya digər uyğun hərarətsalıcı preparatlardan istifadə etmək olar. Uşaqlar xəstəlik zamanı dəri, tənəffüs yolları, bağırsaqlar və sidik ifrazı vasitəsilə xeyli maye itirirlər. Bu itkinin bərpa olunmaması, xüsusilə də maye ehtiyatı az olan uşaq orqanizmində ciddi fəsadlara səbəb ola bilər.
Hesab edirəm ki, problemin səbəblərindən biri də əvvəlki illərdə olduğu kimi sahə həkimlərinin və pediatrların fəaliyyətinin yetərincə təşkil olunmamasıdır. Əvvəllər onlar ərazilərdəki uşaqları nəzarətdə saxlayır, ehtiyac yarandıqda evlərə gələrək müayinə aparır və müalicə təyin edirdilər. İndi isə uşaqlar bir çox hallarda diqqətdən kənarda qalırlar.
Valideynlərin əsas vəzifəsi belə vəziyyətlərdə vaxtında həkimə müraciət etməkdir. Hər kəs bilməlidir ki, xəstə uşaqlara kifayət qədər maye verilməsi vacibdir. Əgər uşağın vəziyyəti ağırlaşırsa, o, dərhal xəstəxanaya çatdırılmalıdır. Zərurət yarandıqda xəstəxana şəraitində infuziya, yəni venadaxili maye müalicəsi aparılmalıdır. Bu artıq tibbi müdaxilə tələb edən prosesdir. Uşaqlar xəstəlik zamanı iştahasız ola, hətta maye qəbul etməkdən imtina edə bilərlər. Buna baxmayaraq, onların maye ehtiyacının qarşılanmasına xüsusi diqqət yetirilməlidir".
Beləliklə, uşaqlarda 38,5 dərəcədən yuxarı hərarətə ciddi yanaşmaq və maye balansını qorumaq həyati əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda azyaşlı uşaq ölüb. Belə ki, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.


