Türkiyəli aktyor Selahattin Paşalı ilə həyat yoldaşı Lara Paşalının boşanacağı barədə yayılan xəbərlər yenidən gündəmə gəlib. Aktyorun menecerlik komandası iddialara münasibət bildirərək onların əsassız olduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, Persona Menajerlik şirkəti rəsmi Instagram hesabının hekayə bölməsində paylaşım edərək Paşalının ailə həyatına dair yayılan məlumatları təkzib edib. Açıqlamada bu iddiaların müxtəlif media qurumları və sosial şəbəkə hesabları vasitəsilə yayılaraq aktyorun şəxsi həyatını hədəf alan qarayaxma kampaniyasına çevrildiyi bildirilib.
Menecerlik komandası indiyədək məsələyə münasibət bildirilməməsinin yayılan xəbərlərin doğru olduğu anlamına gəlmədiyini vurğulayıb. Qeyd olunub ki, tanınmış şəxsin ictimaiyyət qarşısında fəaliyyət göstərməsi onun şəxsi həyatı barədə əsassız məlumatların yayılmasına haqq qazandırmır.
Şirkət həmin məzmunların yayımının dayandırılmasını və silinməsini tələb edib. Əks halda, iddiaları yayan şəxslər və media qurumları barədə hüquqi addımların atılacağı bildirilib.
Qeyd edək ki, Selahattin Paşalı 16 aprel 2022-ci ildə Bodrumda Lara Paşalı ilə ailə qurub. Cütlüyün həmin ilin iyulunda Leyla Pera adlı qız övladı dünyaya gəlib. Onların boşanacağı barədə söz-söhbətlər isə bu ilin aprelindən etibarən yayılmağa başlayıb. Həmin vaxt cütlük birgə açıqlama yayaraq evliliklərində çətin mərhələdən keçdiklərini bildirmişdi.
Menecerlik komandasının son açıqlamasında boşanma məsələsinə dair konkret təsdiq və ya təkzib ifadəsinin işlədilməməsi isə mövzunu yenidən müzakirəyə çıxarıb.


