Bir çox hallarda insanlar yaxınlıqda yerləşən qonşularının Wi-Fi şəbəkəsinə onların xəbəri və icazəsi olmadan qoşularaq internetdən istifadə edirlər. Bəziləri bunu zərərsiz hərəkət hesab etsə də, başqasına məxsus rabitə şəbəkəsindən icazəsiz istifadə hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.
Xüsusilə internet paketlərinin qiymətindən yayınmaq istəyən bəzi şəxslər qonşularının Wi-Fi şifrəsini öyrənməyə, müxtəlif üsullarla parolu ələ keçirməyə və ya şəbəkəyə başqa yollarla qoşulmağa çalışırlar. Belə hallar internet sahibinin razılığı olmadan baş verdikdə, şəxsi şəbəkədən istifadə hüququ və informasiya təhlükəsizliyi ilə bağlı suallar yaranır.
Demokrat.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı diqqət çəkən normalardan biri Cinayət Məcəlləsinin 271-ci maddəsidir. Həmin maddə kompüter sisteminə qanunsuz daxil olmanı nəzərdə tutur. Maddəyə əsasən, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, yaxud orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaq cinayət məsuliyyəti yarada bilər.
Bu isə o deməkdir ki, şəxsin sadəcə başqa birinin internet bağlantısından istifadə etməsi ilə qorunan kompüter sisteminə qanunsuz daxil olması eyni hüquqi əməl hesab edilmir. Məsələn, Wi-Fi parolunun sındırılması, şəbəkənin təhlükəsizlik mexanizmlərinin aşılması və routerin idarəetmə sisteminə icazəsiz daxil olmaq kimi hallar hüquqi baxımdan ayrıca qiymətləndirilməlidir. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 359-cu maddəsi telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edir. Həmin maddədə fiziki şəxslər üçün 100 manatdan 150 manatadək cərimə nəzərdə tutulur. Lakin bu maddənin hər bir qonşunun Wi-Fi şəbəkəsinə icazəsiz qoşulma halına tətbiq edildiyini söyləmək düzgün olmaz.
Məsələnin başqa bir tərəfi də internet sahibinin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlıdır. Belə ki, icazəsiz şəkildə şəbəkəyə qoşulan şəxs yalnız internet trafikindən istifadə etməklə kifayətlənməyə, şəbəkəyə bağlı digər cihazlara müdaxilə etməyə və ya şəxsi məlumatlara çıxış əldə etməyə cəhd göstərə bilər. Bu cür müdaxilələr isə vəziyyətdən asılı olaraq daha ciddi hüquqi nəticələrə səbəb ola bilər.Bununla yanaşı, Wi-Fi şəbəkəsinin parolsuz olması da hər kəsin həmin bağlantıdan istifadə etməsinə avtomatik hüquq vermir. Şəbəkənin açıq olması ilə onun sahibinin başqalarına istifadəyə razılıq verməsi eyni anlayış deyil. Bu səbəbdən internet bağlantısından istifadə zamanı şəbəkə sahibinin razılığı əsas götürülməlidir.


