"Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərdən uzaqlaşma prosesi müşahidə olunur. Xarici təsirlərin artması fonunda milli geyim, musiqi, mətbəx və həyat tərzimizdə müəyyən dəyişikliklər baş verir. Halbuki Azərbaycan xalqının özünəməxsus zəngin mədəniyyəti və tarixi irsi var. Qadınlara seçki hüququnun verilməsi, opera sənətinin inkişafı, Nizami Gəncəvi, Nəsimi və Füzuli kimi çoxdilli mütəfəkkirlərin yetişməsi bu zənginliyin göstəriciləridir".
Demokrat.az xəbər verir ki, bu fikirləri "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masada Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın musiqi, rəqs, geyim və mətbəx mədəniyyəti digər xalqların mədəniyyətindən fərqlənən özünəməxsus xüsusiyyətlərə malikdir:
"Lakin bu gün xarici mədəni təsirlərin nəticəsində milli geyimə, yemək ənənələrinə və cəmiyyətdə formalaşmış davranış modellərinə münasibət dəyişir. Bu prosesdə Azərbaycan qadınının və kişisinin milli-mədəni kimliyinə xas olan xüsusiyyətlərin qorunması da diqqətdə saxlanılmalıdır.
Milli kimliyin qorunması məsələsi yalnız mədəniyyətlə məhdudlaşmır. Azərbaycançılıq ideologiyası ölkədə yaşayan müxtəlif etnik qrupların və xalqların ortaq dəyərlər ətrafında birləşməsini də nəzərdə tutur. Buna görə də milli ənənələri qoruyarkən cəmiyyətin çoxetnik tərkibi və fərqli mədəni xüsusiyyətləri nəzərə alınmalıdır.
Dini və mədəni məsələlərdə milli kimliyin qorunması istiqamətində daha sistemli iş aparılmalıdır. Bu anlayışların elmi əsaslarla öyrənilməsi, kitablaşdırılması və geniş ictimaiyyətə çatdırılması vacibdir. Bu sahədə mövcud əsərlərin sayının artırılmasına, məktəblərdə, universitetlərdə və mediada maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac var. Çünki cəmiyyətdə bu istiqamətdə ciddi boşluqlar mövcuddur.
Son dövrlərdə Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan bəzi müzakirələr də milli kimlik və maarifləndirmə məsələlərinin aktuallığını göstərir. Azərbaycan xalqının qazandığı tarixi Zəfərin yalnız rəsmi dövlət tədbirləri ilə deyil, xalqın ümumi iştirakı və milli ruhu ilə qeyd olunması da mühüm əhəmiyyət daşıyır. 20 Sentyabr və 27 Sentyabr kimi əlamətdar tarixlərin cəmiyyətdə daha geniş şəkildə qeyd olunması bu baxımdan vacibdir. Düşünürəm ki bu cür tədbirlər tamam fərqli keçirilməlidir.
Türk dünyası ilə əlaqələr və türkçülük ideyası da məhdudlaşdırma deyil, maarifləndirmə və qarşılıqlı anlaşma əsasında inkişaf etdirilməlidir. Eyni zamanda, müasirlik anlayışının hansı prinsiplərə əsaslandığı aydın müəyyənləşdirilməli, bu istiqamətdə konkret addımlar atılmalıdır".


