Qızıl alarkən məhsulun çəkisi ilə faktiki qızıl miqdarı arasında ciddi fərqin olması istehlakçıların maddi itkilərlə üzləşməsinə səbəb olur. Bəzi hallarda tərəzidə göstərilən ümumi çəki məhsulun tərkibindəki xalis qızıl miqdarını əks etdirmir. Bu isə alıcıların ödədikləri məbləğlə əldə etdikləri qızılın real dəyəri arasında ciddi fərq yaradır.
Bu hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır? Alıcılar qızıl alarkən nələrə diqqət etsinlər?
Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Demokrat.az-a açıqlamasında bildirib ki, zərgərlik məmulatının ümumi çəkisi ilə onun tərkibindəki qiymətli metalın, konkret olaraq qızılın çəkisi arasında fərq ola bilər:

"Bu, normal haldır. Lakin belə fərq yalnız həmin zərgərlik məmulatı daşlarla bəzədildiyi halda yaranır. Burada söhbət qiymətli, yarıqiymətli və ya qiymətsiz daşlardan gedə bilər. Ümumi çəki ilə qızılın çəkisi arasındakı fərq məhz istifadə olunan daşların çəkisindən qaynaqlanır.
Məsələ ondadır ki, istehlakçı özünü bu cür hallardan necə qoruya bilər? Əslində, bu, sadəcə məlumatlandırma məsələsidir. İstehsalçı, brend, marka və ya satıcı təqdim etdiyi zərgərlik məmulatı haqqında daha dolğun və ətraflı məlumat verməlidir. Məmulatın ümumi çəkisi, istifadə olunan daşların çəkisi və tərkibindəki metalın çəkisi ayrı-ayrılıqda qeyd olunarsa, istehlakçıda heç bir sual yaranmaz".
Toğrul Abbasquliyev əlavə edib ki, əgər yalnız məmulatın ümumi çəkisi göstərilir, tərkibindəki metalın çəkisi ayrıca qeyd olunmursa, bu zaman qərar istehlakçının özündən asılıdır:
"Təqdim olunan məlumat onu qane edirsə, alış edə bilər. Qane etmirsə, təbii ki, alış edib-etməmək qərarı müştərinin öz ixtiyarındadır.
Ümumiyyətlə, istehlakçıya daha doğru, dürüst və dolğun məlumat verilməlidir. Zərgərlik məmulatının ümumi çəkisi ilə yanaşı, tərkibindəki qiymətli metalın – gümüşdürsə gümüşün, qızıldırsa qızılın çəkisi ayrıca göstərilməlidir. Eyni zamanda, istifadə olunan daşların çəkisi də karatla ayrıca qeyd olunmalıdır".


