YapiKredi Müraciət Forması
Aqrar-sənaye kompleksi Özəl

Yumurta istehsalı tələbatı ödəyirsə, qiymət niyə artır? — Səbəblər

Yumurta istehsalı tələbatı ödəyirsə, qiymət niyə artır? — Səbəblər

Yumurta əhalinin gündəlik aldığı əsas ərzaq məhsullarından biridir və qiymətindəki artım birbaşa ailə büdcəsinə təsir edir.

Bəs Azərbaycanda yumurta istehsalı daxili tələbatı ödəmək üçün kifayət edirmi? Quşçuluq təsərrüfatlarında yem və digər istehsal xərclərinin artması yumurtanın qiymətinin bahalaşmasına səbəb ola bilərmi? Vətəndaşların bu məhsulu daha münasib qiymətə alması üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yumurta istehlak səbətinin ən vacib məhsullarından biridir.

Yumurta istehsalı tələbatı ödəyirsə, qiymət niyə artır? — Səbəblər

Onun sözlərinə görə, bu məhsulun qiymətində baş verən hər hansı artım xüsusilə aztəminatlı ailələrin gündəlik xərclərinə birbaşa təsir göstərir:

"Ona görə də yumurta bazarında qiymət dəyişikliklərinə yalnız ticarət məsələsi kimi yanaşmaq düzgün deyil. Burada ərzaq təhlükəsizliyi, yerli istehsalın dayanıqlılığı və əhalinin alıcılıq qabiliyyəti ilə bağlı ciddi iqtisadi məsələlər var. Əslində Azərbaycanda yumurta istehsalının daxili tələbatı ödəmək potensialı mövcuddur. Lakin ölkə üzrə ümumi istehsal göstəricisinin yüksək olması bazarda qiymət sabitliyinin təmin edildiyi anlamına gəlmir. Burada istehsalın regionlar üzrə bölgüsü, təsərrüfatların istehsal gücü, məhsulun bazara çatdırılması, mövsümi dəyişikliklər və idxaldan asılı olan istehsal komponentləri ayrıca təhlil edilməlidir. Rəsmi statistikada istehsalın daxili tələbatı üstələməsi ehtimalı olsa belə, ayrı-ayrı dövrlərdə qiymət artımının qarşısını almaq üçün bazarda kifayət qədər təklif və rəqabət olmalıdır. Yumurta istehsalında maya dəyərinə təsir edən ən mühüm amillərdən biri yem xərcləridir. Quşçuluq təsərrüfatlarında istifadə olunan qarğıdalı, buğda, soya şrotu, vitamin-mineral əlavələri və digər yem komponentlərinin əhəmiyyətli hissəsinin idxaldan asılı olması istehsalçıları xarici bazarlardakı qiymət dəyişikliklərinə həssas edir. Bunun üzərinə logistika, enerji, əməkhaqqı, baytarlıq preparatları, qablaşdırma və avadanlıqların saxlanması xərcləri əlavə olunur.

Bu xərclərin artması gec-tez məhsulun maya dəyərində özünü göstərir və qiymətlərə təzyiq yaradır. Lakin istehsal xərclərinin artması hər dəfə pərakəndə satış qiymətlərinin eyni həcmdə yüksəlməsinə avtomatik əsas verməməlidir. Burada istehsalçıların rentabelliyi, topdansatış və pərakəndə satış şəbəkələrinin qiymət siyasəti, vasitəçilərin sayı və ticarət əlavələri araşdırılmalıdır. Təəssüf ki, Azərbaycanda bir çox ərzaq məhsulunda olduğu kimi, yumurta bazarında da istehsalçıdan istehlakçıya qədər formalaşan qiymət zəncirinin şəffaflığı ilə bağlı suallar mövcuddur.

Yanaşma dəyişməlidir. Dövlətin müvafiq qurumları yumurta bazarını yalnız qiymət artımı baş verdikdən sonra araşdırmamalıdır. Bazarda gündəlik istehsal, anbar ehtiyatları, satış həcmləri, idxal və ixrac göstəriciləri, istehsal güclərinin yüklənməsi barədə operativ monitorinq mexanizmi qurulmalıdır. Xüsusilə iri istehsalçıların bazardakı payı, qiymətlərin paralel dəyişməsi və mümkün süni təklif məhdudiyyətləri rəqabət qanunvericiliyi çərçivəsində araşdırılmalıdır. Rəqabət mühitinin qorunması istehlakçının hüquqlarının müdafiəsi baxımından vacibdir. Digər mühüm istiqamət yem istehsalının ölkə daxilində inkişaf etdirilməsidir. Quşçuluq təsərrüfatlarının idxal yemindən yüksək asılılığı aradan qaldırılmadan yumurta bazarında uzunmüddətli qiymət sabitliyinə nail olmaq çətin olacaq. Yerli qarğıdalı və soya istehsalının genişləndirilməsi, yem emalı müəssisələrinin yaradılması, aqrar istehsalçılarla quşçuluq müəssisələri arasında uzunmüddətli təchizat müqavilələrinin təşviqi dövlətin prioritetləri sırasında olmalıdır. Eyni zamanda, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və enerji səmərəliliyi üzrə investisiyalar stimullaşdırılmalıdır.

Dövlət dəstəyi də konkret nəticəyə hesablanmalıdır. Sahibkarlara verilən subsidiyalar, güzəştli kreditlər və investisiya təşviqləri istehsal gücünün artırılmasına, maya dəyərinin aşağı salınmasına və bazarda təklifin genişləndirilməsinə xidmət etməlidir. Dövlət dəstəyindən yararlanan iri müəssisələrin bazardakı qiymət davranışı və istehsal göstəriciləri də müvafiq iqtisadi təhlilin predmeti olmalıdır. İctimai vəsait hesabına dəstəklənən istehsalın nəticəsi istehlakçı üçün də hiss edilməlidir.

Hesab edirəm ki, yumurta kimi gündəlik tələbat məhsullarının qiymətində sabitliyin qorunması ərzaq siyasətinin mühüm istiqaməti olmalıdır. Bunun üçün bazarda real rəqabət yaradılmalı, istehsal xərcləri azaldılmalı, idxaldan asılılıq mərhələli şəkildə aşağı salınmalı və qiymət zəncirinə nəzarət gücləndirilməlidir. Əks halda, hər dəfə yem və logistika xərclərində artım baş verdikdə onun bütün yükü istehlakçının üzərinə qoyulacaq. Əhalinin gəlirləri məhdud olduğu şəraitdə yumurta kimi əsas ərzaq məhsulunun bahalaşması sosial narazılıqla yanaşı, ailələrin digər zəruri xərclərini də məhdudlaşdırır. Bu səbəbdən hökumət qiymət artımının səbəblərini ümumi izahlarla kifayətlənmədən, rəqəmlər və iqtisadi təhlillər əsasında ictimaiyyətə açıqlamalıdır. İstehlakçı bazarda baş verən proseslər haqqında məlumat almaq və ədalətli qiymət formalaşmasına nail olmaq hüququna malikdir".

Beləliklə, bazarda real rəqabət mühiti yaradılmasa və idxaldan asılılıq azaldılmasa, xərc artımlarının bütün yükü yenə də vətəndaşların üzərinə düşəcək.