Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı, hüquqi dövlətin əsasını təşkil edən başlıca sənəddir. Vətəndaşların hüquqlarının qorunmasında isə məhkəmə sisteminin xüsusi rolu var. Lakin cəmiyyətdə formalaşan qənaətlər göstərir ki, bir çox insan hüquqları pozulduqda məhkəməyə müraciət etməyi çıxış yolu kimi görmür, bu prosesi vaxt itkisi hesab edir.
Azərbaycanda məhkəmələrə inamın zəif olmasının əsas səbəbləri nələrdir? Niyə vətəndaşlar problemlərinin məhkəmə yolu ilə həllini vaxt itkisi kimi qiymətləndirirlər? Cəmiyyətdə bu düşüncə tərzini dəyişmək və məhkəmə sisteminə etimadı artırmaq üçün hansı maarifləndirmə tədbirləri həyata keçirilməlidir?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov deyib ki, konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı, hüquqi dövlətin əsasını təşkil edən ali hüquqi sənəddir:

"Bu hüquqların qorunmasında isə məhkəmə hakimiyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki məhkəmənin əsas vəzifəsi yalnız mübahisələri həll etmək deyil, həm də pozulmuş hüquqların bərpasını təmin etməkdir. Lakin cəmiyyətdə belə bir yanaşma mövcuddur ki, hüquqları pozulan şəxslərin bir qismi məhkəməyə müraciət etməyi effektiv müdafiə vasitəsi deyil, vaxt və maddi vəsait itkisi kimi qiymətləndirir. Məncə, bunun əsas səbəblərindən biri məhkəmə proseslərinin uzun çəkməsi, hüquqi prosedurların mürəkkəbliyi, məhkəmə qərarlarının icrası ilə bağlı çətinliklər və bəzi hallarda qərarların obyektivliyinə dair ictimai şübhələrin mövcud olmasıdır. Vətəndaş məhkəməyə müraciət edərkən yalnız hüququnun tanınmasını deyil, həmin hüququn real olaraq bərpa edilməsini gözləyir. Əgər şəxs məhkəmədə qalib gəlsə belə, qərarın icrasında problemlə qarşılaşırsa, bu, onun gələcəkdə məhkəməyə müraciət etmək istəyinə mənfi təsir göstərir. Digər mühüm məsələ hüquqi savadlılıqla bağlıdır. Bir çox insan hansı hüququnun pozulduğunu, hansı məhkəməyə müraciət etməli olduğunu və hüquqlarını hansı qaydada müdafiə edə biləcəyini kifayət qədər bilmir. Nəticədə məhkəmə prosesi onlar üçün mürəkkəb və əlçatmaz görünür".
Elnur Məmmədov qeyd edib ki, məhkəmə sisteminə etimadı artırmaq üçün ilk növbədə məhkəmə proseslərinin operativliyi, şəffaflığı və qərarların icra mexanizmləri təkmilləşdirilməlidir:
"Bununla yanaşı, məhkəmə qərarlarının hüquqi əsasları ictimaiyyətə daha anlaşıqlı formada izah edilməli, vətəndaşların məhkəməyə müraciət qaydaları barədə məlumatlandırılması gücləndirilməlidir. Xüsusilə məktəb və universitetlərdə hüquqi maarifləndirməyə diqqət artırılmalı, regionlarda ödənişsiz hüquqi məsləhət imkanları genişləndirilməli, media və sosial şəbəkələr vasitəsilə hüquqi biliklərin yayılması təşviq edilməlidir.
Qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Bu hüququn mövcudluğu ilə yanaşı, onun praktik və effektiv şəkildə həyata keçirilməsi də vacibdir. Mənim qənaətimə görə, məhkəmələrə etimadın artırılması yalnız maarifləndirmə ilə mümkün deyil. Bunun üçün vətəndaş ədalətli qərarın qəbul edildiyini, hüququnun vaxtında bərpa olunduğunu və qanun qarşısında hər kəsin bərabər olduğunu real həyatda görməlidir. Məhkəməyə inamın ən yaxşı təbliğatı ədalətli, əsaslandırılmış və vaxtında icra olunan məhkəmə qərarıdır. Hüquqi dövlətin gücü də məhz qanunların mövcudluğu ilə deyil, onların hər kəsə bərabər tətbiqi və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi ilə ölçülür".


