İstanbul şəhərində qeyri-adi hadisə baş verib. Yük gəmisindən dənizə düşdüyü ehtimal edilən, içərisində milyonlarla lirə dəyərində peşəkar səs sistemləri və elektron avadanlıqlar olan konteyner Çatalca sahillərinə çıxıb.
Demokrat.az xəbər verir ki, hadisə Arnavutköy sahilləri yaxınlığında baş verib.
Məlumata görə, konteyner dalğaların və dəniz axınlarının təsiri ilə Çatalca sahillərinə qədər sürüklənib. Sahilə çırpılaraq açılan konteynerdəki ağır səs sistemləri və digər elektron avadanlıqlar qumlu əraziyə və qayalıqlara dağılıb.
Sahildəki sakinlərin əşyaları görərək aidiyyəti qurumlara məlumat verməsindən sonra əraziyə jandarm və Sahil Mühafizəsi əməkdaşları cəlb olunub.
İlkin araşdırmalar zamanı avadanlıqların təxminən 2 kilometrlik sahil zolağına yayıldığı müəyyən edilib. Konteyner və içərisindən çıxan milyonlarla lirə dəyərində olduğu bildirilən məhsullar mühafizəyə götürülüb.
Hazırda konteynerin hansı gəmiyə məxsus olduğu və dənizə nə zaman düşdüyü araşdırılır.




