Balığın həm dadı, həm də qiyməti ilin hansı dövründə ovlanmasından asılı olaraq dəyişir. Məsələn, noyabrda hamsi daha yağlı və ləzzətli olur, oktyabr palamut, fevral isə kalkan balığı üçün əlverişli dövr sayılır. Türkiyə mətbuatında ilin bütün ayları üzrə hansı balıqlara üstünlük verilməli olduğu açıqlanıb.
Demokrat.az xəbər verir ki, "Onedio" nəşri balıqların mövsümi xüsusiyyətlərini əks etdirən 12 aylıq təqvim hazırlayıb.
Yanvar
Yanvarda hamsi və istavrit əsas seçimlər sırasındadır. Soyuq hava hamsinin yağlanmasına və dadının yaxşılaşmasına şərait yaradır. Lüfer, palamut və kefal da bu ay yağlı olur. Çipura, mezgit, tekir və digər balıqları da tapmaq mümkündür.
Fevral
Bu ay kalkan balığının mövsümü başlayır və mayın sonunadək davam edir. Hamsi və istavrit həm bolluğu, həm də münasib qiyməti ilə seçilir. Tekir, kefal və midyə də fevralda süfrəyə uyğun məhsullardır.
Mart
Martda çipura, levrek, kefal və kalkan xüsusilə ləzzətli olur. Bu balıqlar qrildə bişirmək üçün əlverişlidir. Lüfer və palamut isə yağını itirdiyindən onların istehlakı üçün o qədər də münasib dövr sayılmır.
Aprel
Apreldə mercan, levrek və kırlangıç balıqları daha çox rast gəlinir. Barbunya, mezgit, kefal və tekir də bu ayın seçimləri arasındadır. Midyə isə ayın sonunadək dadını qoruyur.
May
May ayında qılınc balığı xüsusilə ləzzətli olur və şişdə bişirilməsi tövsiyə edilir. Barbunya, tekir və dil balığı da süfrəyə uyğundur. Krevet, omar və digər dəniz məhsullarını da bu dövrdə seçmək olar. Hamsi, istavrit və palamut isə yağını itirməyə başlayır.
İyun
Balıq ovuna qoyulan qadağalar səbəbindən iyunda bazarlarda çeşid azalır, qiymətlər isə yüksəlir. Mercan, sinarit, barbunya və tekir məhdud miqdarda tapıla bilər. Bu dövrdə bəzi balıqların kürüləmə prosesi də onların ətinin dadına təsir göstərir.
İyul
İyulda istavrit həm tavada, həm də yay tərəvəzləri ilə sobada bişirmək üçün münasibdir. Kolyoz balığının mövsümü başlayır, izmarit də dadlı olur. Tekir və barbunya öz keyfiyyətini qoruyur.
Avqust
Avqust qılınc balığı üçün ən əlverişli aylardan biridir. Ətinin dolğunluğu onu şişdə bişirmək üçün ideal edir. Sardalya, kolyoz və izmarit də bu ayda ləzzətli olur. Ayın ikinci yarısından etibarən lüfer və kiçik palamut bazarlarda görünməyə başlayır.
Sentyabr
Sentyabrın 1-də balıq ovuna qoyulan qadağanın başa çatması ilə bazarlarda çeşid artır. Palamut həm böyüyür, həm də daha çox ovlanır. Lüfer, istavrit, kolyoz və kırlangıç da bu ayın seçilən balıqlarıdır.
Oktyabr
Palamut üçün ilin ən münasib dövrlərindən biri oktyabrdır. Ayın sonlarına doğru lüfer də bazarlarda çoxalmağa başlayır. İstavrit, tekir, barbunya, sardalya, levrek və sinarit də bu ayda bol və ləzzətli olur.
Noyabr
Noyabr hamsi sevənlər üçün ən yaxşı aylardan sayılır. Soyuq havanın təsiri ilə balıq kifayət qədər yağlanır və həm tavada, həm də buğlamada bişirmək üçün uyğun olur. Torik də bu dövrdə bazarlarda çoxalır.
Dekabr
Dekabrda hamsi əsas seçim olaraq qalır. Bununla yanaşı, lüfer, kofana, palamut, torik və istavrit də bol tapılır. Levrek və mercan da ilin son ayında süfrəyə daxil edilə biləcək balıqlardandır.


