YapiKredi Müraciət Forması
Kriminal

Sabiq rəisin məhkəməsi təxirə salındı – 1 milyon manatlıq yeyinti

Sabiq rəisin məhkəməsi təxirə salındı – 1 milyon manatlıq yeyinti

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən budəfəki iclasda gözlənilməz situasiya yaranıb.

1 milyon mənimsəyən Raqif Abbasov niyə azadlıqdadır- Ziyanı ödəyib?

Belə ki, təqsirləndirilən Eldəniz Qulamov müdafiəçisindən imtina etdiyini açıqlayıb. O, bu addımını vəkilin onun müdafiə hüququnu düzgün qurmaması ilə əsaslandırıb. Prosesin gedişində məlum olub ki, E.Qulamovun müqavilə bağladığı yeni vəkil Faiq Nəcəfov da məhkəmə zalına gəlməyib. Hakim Eldar İsmayılov iclasın vaxtı barədə yeni müdafiəçiyə əvvəlcədən rəsmi məlumat verildiyini diqqətə çatdıraraq, prosesə qatılmadığı üçün ona xəbərdarlıq edib.

Məhkəmədə elan olunan qısa fasilədən sonra aydınlaşıb ki, vəkil Faiq Nəcəfov Naftalan şəhərindən Bakıya doğru hərəkətdədir və həminvaxt Hacıqabul rayonu ərazisində olub. Sədrlik edən hakim qanunvericiliyin tələblərini xatırladaraq bildirib ki, əgər növbəti iclasda da vəkil iştirak etməsə, təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin ediləcək. Yaranmış vəziyyətlə əlaqədar proses noyabrın 25-nə təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Raqif Abbasov və Eldəniz Qulamovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla sabiq rəis və sektor müdirinin əlbir olaraq dövlət büdcəsindən ayrılmış 1 milyon manata yaxın vəsaiti mənimsədikləri müəyyən edilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və məhkəmə dövründə dəymiş ziyandan cəmi 100 min manat ödənilib. Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verərkən özlərini təqsirli bilmədiklərini deyiblər. Barələrində həbslə bağlı olmayan alternativ qətimkan tədbiri seçilən R.Abbasov və E.Qulamovun təqsiri sübuta yetirilərsə, onları 14 ilədək həbs cəzası gözləyir.