Yaponiyanın Kioto prefekturasında yerləşən quşçuluq təsərrüfatında yüksək yoluxuculuq qabiliyyətinə malik H5 tipli quş qripi virusu aşkarlanıb. Xəstəliyin yayılmasının qarşısını almaq üçün 200 min toyuğun məhv edilməsinə qərar verilib.
Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə Kioto prefekturasının Kameoka şəhərindəki quşçuluq fermasında çoxsaylı toyuqların naməlum səbəbdən ölməsindən sonra üzə çıxıb. Təsərrüfatda aparılan yoxlamalar zamanı H5 tipli quş qripi virusunun mövcudluğu təsdiqlənib. Bu, Yaponiyada 2026-cı ildə qeydə alınan ilk quş qripi hadisəsidir.
Kioto prefekturasının administrasiyası yoluxmanın qarşısını almaq məqsədilə təsərrüfatın karantinə alındığını və buradakı 200 min toyuğun məhv ediləcəyini açıqlayıb.
Bundan başqa, yoluxma qeydə alınan fermadan 10 kilometr radiusunda yerləşən əraziyə nəzarət tədbirləri tətbiq olunub. Təsərrüfatın 3 kilometrliyindəki digər müəssisələrdən toyuq və yumurta daşınması isə müvəqqəti dayandırılıb.
Kioto qubernatoru Takatoşi Nişivaki bildirib ki, testlərin müsbət nəticələnməsindən sonra quşların məhv edilməsinə və yoluxma riski daşıyan materialların utilizasiyasına başlanılıb. Onun sözlərinə görə, bütün zəruri tədbirlərin tamamlanması təxminən bir həftə çəkəcək.
Qubernator eyni zamanda əhalini narahat olmamağa çağırıb. O vurğulayıb ki, quş qripinə yoluxmuş toyuq əti və yumurtaların bazara çıxarılması mümkün deyil.
Yaponiyanın kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri Arata Takebe də məsələ ilə bağlı təcili iclas keçirib. O, təsərrüfatlarda gigiyena qaydalarına nəzarətin gücləndirilməsini, erkən xəbərdarlıq sisteminin və dezinfeksiya tədbirlərinin genişləndirilməsini tapşırıb.


