Azərbaycanda əməkhaqqı səviyyəsi regionlar üzrə eyni deyil. Paytaxt Bakı ilə ölkənin digər şəhər və rayonları arasında gəlir fərqi əmək bazarında diqqət çəkən məsələlərdən biri olaraq qalır. Paytaxtda iqtisadi fəaliyyətin, iri müəssisələrin və yüksək maaşlı iş yerlərinin daha çox cəmləşməsi bölgələrdə çalışan vətəndaşların qazanc imkanlarına da təsir göstərir. Nəticədə regionlarda işçi qüvvəsinin məşğulluğu, gənclərin paytaxta üz tutması və yerli iqtisadi fəallıq baxımından müəyyən çətinliklər yaranır.
Demokrat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli ölkə iqtisadiyyatının təxminən 75-80 faizinin Bakıda cəmləşdiyini söyləyib.
Onun sözlərinə görə, bizneslər əsasən Bakıda qurulur, çünki burada infrastruktur, xüsusilə də biznes infrastrukturu nisbətən yaxşı inkişaf edib. Eyni zamanda, Bakıda böyük bazar var. Statistikaya görə, paytaxtda 2,2 milyon əhali yaşayır. Qeyri-rəsmi yaşayanları, tələbələri və işləmək üçün bölgələrdən gələnləri də nəzərə alsaq, bu rəqəm 3 milyondan çoxdur. Ölkənin heç bir başqa ərazisində bu qədər əhali cəmləşməyib. Bu da istehsalçı üçün müəyyən mənada satış imkanları yaradır. Biznes sahibi də uzaqda fəaliyyət göstərməkdənsə, müştərisinə yaxın olmağa çalışır. Məsələn, Zərdabda biznes qurmağın hansı üstünlüyü ola bilər? Orada əsasən kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərmək mümkündür. Amma istehsalçı yenə də Bakıda ofis açmağa məcbur qalacaq ki, istehsal etdiyi məhsulu burada sata bilsin".
İqtisadçı Bakıda əmək bazarının daha yaxşı inkişaf etməsi və qeyri-neft sektorunun nisbətən geniş fəaliyyət göstərməsi səbəbindən iş yerlərinin əsasən Bakı və Abşeron yarımadasında açıldığını bildirib:
"Buna görə də əməkhaqqı səviyyəsi də həmin ərazilərdə nisbətən yüksəkdir. Amma digər tərəfdən, Bakıda yaşayış xərcləri ilə regionlardakı xərclər eyni deyil. Paytaxtda ərzağın, gündəlik tələbat məhsullarının, ictimai nəqliyyatın və digər zəruri xidmətlərin qiyməti daha yüksəkdir. Kirayə xərcləri də bölgələrlə müqayisədə xeyli bahadır. Yəni Bakıda əməkhaqqı nisbətən yüksək olsa da, yaşayışın özü də daha çox xərc tələb edir".


