YapiKredi Müraciət Forması
Avto

BMW su ilə işləyən maşınlar istehsal etdi

BMW su ilə işləyən maşınlar istehsal etdi

Almaniyanın avtomobil istehsalçısı BMW hidrogen yanacaq elementləri ilə işləyən yeni nəsil avtomobilini kütləvi istehsala hazırlayır. 2028-ci ildə istehsalına başlanması planlaşdırılan BMW iX5 Hydrogen modeli 5 dəqiqədən az müddətdə yanacaq doldurulması və bir dəfəyə 750 kilometrədək məsafə qət etməsi ilə diqqət çəkir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Yeni model ənənəvi elektrik avtomobillərindən fərqli olaraq enerjisini hidrogendən əldə edəcək. Xüsusi yanacaq elementlərində hidrogen havadakı oksigenlə reaksiyaya girərək elektrik enerjisi yaradır və avtomobilin elektrik mühərrikini hərəkətə gətirir. Prosesin əsas əlavə məhsulu isə sudur.

BMW-nin məlumatına görə, avtomobilin yanacaq sistemində 7 kiloqramdan çox hidrogen saxlamaq mümkün olacaq. Bu ehtiyatla WLTP standartlarına əsasən 750 kilometrədək məsafə qət etmək nəzərdə tutulur. Hidrogen çəninin 5 dəqiqədən az müddətdə doldurulması da modelin əsas üstünlüklərindəndir.

Yeni texnologiya Yaponiyanın "Toyota" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Üçüncü nəsil hidrogen yanacaq elementi sistemi əvvəlki versiya ilə müqayisədə təxminən 25 faiz daha az yer tutur.

Bununla belə, hidrogen avtomobillərinin geniş yayılması üçün əsas maneələrdən biri yanacaq doldurma infrastrukturunun məhdud olmasıdır. Belə avtomobillərə xidmət göstərmək üçün xüsusi avadanlıqla təchiz edilmiş stansiyalar tələb olunur. Bu şəbəkənin qurulması isə böyük investisiya tələb edir.

Hazırda BMW iX5 Hydrogen müxtəlif yol və iqlim şəraitlərində sınaqdan keçirilir. Şirkət modelin seriyalı istehsalına 2028-ci ildə başlamağı planlaşdırır.

Editor
Redaktor