Avtomobil bazarında bəzi markalar digərləri ilə müqayisədə daha qısa müddətdə dəyər itirir.
Bəs Azərbaycanda hansı avtomobil markaları daha sürətlə dəyər itirir və bunun əsas səbəbləri nədir? Avtomobil alarkən sonradan ciddi qiymət itkisi ilə üzləşməmək üçün alıcılar hansı marka və modelləri seçərkən nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında beynəlxalq dərəcəli təlimçi və avtoekspert Adil Nəbiyev bildirib ki, Azərbaycanda avtomobil bazarında müşahidə olunan əsas problemlərdən biri bəzi marka və modellərin qısa müddət ərzində ilkin dəyərinin əhəmiyyətli hissəsini itirməsidir.

O bildirib ki, avtomobil alarkən vətəndaşların böyük əksəriyyəti onun xarici görünüşünə, komfortuna, texniki göstəricilərinə, yanacaq sərfiyyatına və satış qiymətinə diqqət yetirir:
"Lakin çox vacib bir məqam bəzən diqqətdən kənarda qalır. Bu da avtomobilin gələcəkdə ikinci əl bazarında nə qədər dəyər saxlayacağı və nə dərəcədə asan satılacağı məsələsidir. Avtomobil alarkən yalnız bugünkü qiyməti deyil, üç və ya beş ildən sonra həmin nəqliyyat vasitəsinin bazarda hansı qiymətə satıla biləcəyini də nəzərə almaq lazımdır. Çünki avtomobil insanların gündəlik nəqliyyat ehtiyaclarını ödəyən vasitə olmaqla yanaşı, ailə büdcəsinə ciddi təsir göstərən maddi dəyərdir. Azərbaycan avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var. Bizim bazarda avtomobilin qiymətini yalnız onun istehsal ili, mühərrik həcmi və yürüşü müəyyən etmir. Burada markanın tanınması, ehtiyat hissələrinin əlçatanlığı, ustaların həmin avtomobillə işləmək təcrübəsi, yanacaq sərfiyyatı, mühərrik və sürətlər qutusunun etibarlılığı, texniki xidmət xərcləri, rəsmi servis imkanları və ən əsası, ikinci əl bazarında həmin modelə olan tələbat mühüm rol oynayır. Məsələn, Azərbaycanda Toyota Corolla, Toyota Camry, Toyota Prius, Hyundai Elantra, Hyundai Sonata, Kia Rio, Kia Sportage və müəyyən Toyota Land Cruiser modelləri uzun illərdir geniş istifadə olunur. Bu avtomobillərin bir çox versiyalarının bazarda tanınması, ehtiyat hissələrinin geniş yayılması və təmir imkanlarının mövcudluğu onların ikinci əl bazarında alıcı tapmasını nisbətən asanlaşdıra bilər. Ancaq bu, sadalanan avtomobillərin heç vaxt ciddi qiymət itirmədiyi anlamına gəlmir. Hətta eyni markanın müxtəlif modelləri, mühərrikləri və istehsal illəri arasında qiymət itkisi baxımından böyük fərqlər ola bilər. Son dövrlərdə Azərbaycanda Çin istehsalı olan avtomobillərin bazara sürətlə daxil olması rəqabəti əhəmiyyətli dərəcədə dəyişib. BYD, Changan, Chery, Geely, Haval və digər Çin markalarının müxtəlif modelləri müasir dizaynı, zəngin elektron avadanlıqları, komfort imkanları və bəzi hallarda münasib satış qiymətləri ilə alıcıların diqqətini cəlb edir. Bununla yanaşı, bəzi Çin modellərində ikinci əl bazarında qiymətin daha sürətlə azalması riski mövcuddur. Burada əsas səbəblərdən biri yeni avtomobillərin qiymətlərinin tez-tez dəyişməsi, bazara davamlı olaraq yeni modellərin çıxarılması, müxtəlif komplektasiyalar arasında böyük qiymət fərqlərinin yaranması və bəzi modellərin uzunmüddətli istismar göstəricilərinin hələ kifayət qədər formalaşmamasıdır. Vətəndaş müəyyən bir avtomobili 35 min manata alır. Bir ildən sonra istehsalçı və ya idxalçı həmin avtomobilin yenilənmiş versiyasını daha münasib qiymətə bazara çıxarır. Nəticədə əvvəlki modelin sahibi avtomobilini satmaq istəyəndə ciddi qiymət rəqabəti ilə üzləşir. Çünki alıcı bir tərəfdə işlənmiş avtomobili, digər tərəfdə isə ona yaxın qiymətə zəmanətli, yeni və daha müasir avtomobili görür. Belə vəziyyətdə işlənmiş avtomobilin qiyməti aşağı düşməyə məcbur olur. Lakin bütün Çin avtomobillərini eyni kateqoriyaya aid etmək düzgün deyil. Burada konkret modelin etibarlılığı, rəsmi servis şəbəkəsi, zəmanət şərtləri və bazarda formalaşan real tələbat ayrıca qiymətləndirilməlidir. Digər mühüm məsələ elektrik və hibrid avtomobillərin dəyər itirməsidir. Bu avtomobillər yanacaq qənaəti və müasir texnologiyaları ilə seçilsələr də, onların ikinci əl bazarında qiymətinə təsir göstərən əlavə amillər var. Xüsusilə yüksək gərginlikli batareyanın texniki vəziyyəti, qalıq tutumu, istehsalçı zəmanəti, proqram təminatının yenilənməsi, elektron idarəetmə sistemlərinin etibarlılığı və batareyanın mümkün təmir xərcləri alıcı üçün ciddi əhəmiyyət daşıyır. Elektrik avtomobilini ikinci əl bazarından alan şəxs bilməlidir ki, batareyanın vəziyyətini yalnız avtomobilin yürüşünə baxmaqla müəyyən etmək mümkün deyil. Bunun üçün xüsusi diaqnostika aparılmalı, batareyanın sağlamlıq göstəriciləri yoxlanılmalıdır. Digər tərəfdən, elektrik avtomobillərinin texnologiyası sürətlə inkişaf edir. Yeni modellərdə yürüş məsafəsinin artması, enerji sərfiyyatının azalması və şarj imkanlarının təkmilləşməsi əvvəlki nəsil avtomobillərin bazar dəyərinə təsir göstərə bilər. Bununla belə, bütün elektrik və hibrid avtomobillərin sürətlə ucuzlaşdığını söyləmək də doğru olmaz. Bazarda özünü doğrultmuş, texniki xidmət imkanları geniş olan və alıcı etimadı qazanmış modellər daha sabit tələbə malik ola bilər. Dəyər itkisi riski olan digər kateqoriya bahalı premium avtomobillərdir. Xüsusilə BMW, Mercedes-Benz, Audi, Jaguar, Land Rover və Porsche kimi markaların bəzi yüksək qiymətli, mürəkkəb texnologiyalı modellərində ilkin illərdə ciddi dəyər itkisi müşahidə oluna bilər. Bunun əsas səbəbi avtomobilin keyfiyyətsiz olması deyil. Əksinə, bu avtomobillərin bir çoxu yüksək komfort, təhlükəsizlik və texnoloji imkanlarla təchiz edilir. Lakin avtomobilin ilkin qiyməti yüksək olduqca, müəyyən müddətdən sonra onu almağa hazır olan alıcıların dairəsi darala bilər. Bundan başqa, bahalı pnevmatik asqı sistemləri, mürəkkəb elektron idarəetmə blokları, turbomühərriklər, avtomatik transmissiyalar və digər texniki komponentlərin təmiri yüksək xərc tələb edə bilər. Məsələn, yeni vəziyyətdə çox yüksək qiymətə alınan lüks avtomobil bir neçə ildən sonra xeyli ucuzlaşa bilər, lakin onun ehtiyat hissələri və təmir xərcləri əvvəlki kimi yüksək olaraq qalır. Nəticədə ikinci əl bazarında alıcı avtomobilin yalnız satış qiymətinə deyil, gələcəkdə ona nə qədər xərc çəkəcəyinə də diqqət yetirir. Burada bir vacib məqamı xüsusi vurğulamaq istəyirəm: avtomobilin ucuzlaşması ilə onun saxlanma xərclərinin ucuzlaşması eyni anlayış deyil. Bəzən vətəndaş bazarda əvvəlki qiymətindən xeyli ucuz satılan premium avtomobili sərfəli alış hesab edir. Lakin sonradan mühərrik, sürətlər qutusu, elektronika və asqı sistemində yaranan problemlər avtomobilin alınmasına qənaət edilən məbləğdən daha böyük xərc yarada bilir. Azərbaycanda qiymət itkisinə təsir edən digər amillərdən biri avtomobilin mənşəyi və istismar tarixçəsidir. Xüsusilə Amerika Birləşmiş Ştatlarından gətirilən avtomobillərin bir hissəsi sığorta hərraclarından, qəza keçirmiş və ya müxtəlif zədələr almış nəqliyyat vasitələri arasından seçilir. Burada söhbət bütün Amerika istehsalı avtomobillərindən getmir. Əsas məsələ avtomobilin əvvəlki vəziyyətidir. Əgər avtomobil ağır yol-nəqliyyat hadisəsi keçiribsə, təhlükəsizlik yastıqları açılıbsa, kuzovun daşıyıcı konstruksiyaları zədələnibsə və sonradan keyfiyyətsiz bərpa olunubsa, onun bazar dəyəri ciddi şəkildə aşağı düşə bilər. Bəzi hallarda avtomobilin xarici görünüşü ideal vəziyyətə gətirilsə də, onun təhlükəsizlik sistemləri əvvəlki funksionallığını tam bərpa etmir. Bu isə təkcə maddi itki deyil, həm də insan həyatı üçün risk deməkdir. Avtomobil almaq istəyən vətəndaşlara tövsiyə edərdim ki, nəqliyyat vasitəsinin əvvəlki qəza tarixçəsini, yürüş göstəricilərini, texniki xidmət sənədlərini və mümkün olduqda beynəlxalq identifikasiya nömrəsi, yəni VIN kodu vasitəsilə mövcud məlumatları yoxlasınlar. Xüsusilə mühərrik, transmissiya, kuzovun daşıyıcı hissələri, əyləc sistemi və elektron təhlükəsizlik avadanlıqları peşəkar mütəxəssis tərəfindən diaqnostika edilməlidir. Azərbaycan bazarında avtomobilin dəyərini qoruyan mühüm amillərdən biri də ehtiyat hissələrinin əlçatanlığıdır. Elə avtomobillər var ki, onların ilkin satış qiyməti münasib görünür, lakin müəyyən ehtiyat hissəsini əldə etmək üçün həftələrlə gözləmək lazım gəlir. Bəzən həmin hissəni xaricdən fərdi sifarişlə gətirmək tələb olunur. Bu isə həm vaxt itkisinə, həm də əlavə maliyyə xərclərinə səbəb olur. Ona görə də bazarda az rast gəlinən marka və modelləri seçərkən alıcılar xüsusilə diqqətli olmalıdırlar. Nadir model almaq özü-özlüyündə yanlış seçim deyil, lakin həmin avtomobilin texniki xidmət infrastrukturu zəifdirsə, sonradan satışı çətinləşə bilər. Burada avtomobilin likvidliyi anlayışı ön plana çıxır. Likvidlik avtomobilin bazarda nə qədər tez və real qiymətə satıla bilməsini ifadə edir. Bəzən avtomobilin elan qiyməti yüksək görünür, lakin aylarla alıcı tapılmır. Digər avtomobil isə nisbətən münasib qiymətə qısa müddətdə satılır. Buna görə də alıcılar yalnız satış elanlarında göstərilən qiymətlərə əsaslanmamalıdırlar. Elan qiyməti ilə faktiki alqı-satqı qiyməti arasında fərq ola bilər. Avtomobilin real bazar dəyərini müəyyən etmək üçün eyni istehsal ilinə, mühərrikə, komplektasiyaya, yürüşə və texniki vəziyyətə malik bir neçə avtomobili müqayisə etmək lazımdır. Həmçinin avtomobilin bazarda nə qədər müddət satışda qaldığı da nəzərə alınmalıdır. Azərbaycanda ikinci əl avtomobil bazarında daha bir mühüm məsələ mühərrik və sürətlər qutusunun seçimidir. Eyni modelin atmosfer mühərrikli, turbomühərrikli, klassik avtomatik, robotlaşdırılmış və ya variator transmissiyalı versiyaları arasında texniki xidmət və təmir xərcləri ciddi şəkildə fərqlənə bilər. Buna görə də yalnız avtomobilin markasına baxaraq onun etibarlı və ya etibarsız olduğunu söyləmək düzgün yanaşma deyil. Məsələn, müəyyən markanın bir mühərrik və transmissiya kombinasiyası uzunmüddətli istismarda özünü yaxşı göstərə bilər, digər versiyasında isə texniki xidmətə daha çox diqqət tələb oluna bilər. Avtomobil seçərkən konkret mühərrikin istehsal kodu, transmissiyanın növü, həmin aqreqatların məlum texniki xüsusiyyətləri və əvvəlki servis tarixçəsi araşdırılmalıdır. Digər tərəfdən, Azərbaycanda yanacaq keyfiyyəti, yol şəraiti, iqlim xüsusiyyətləri və sürücülərin istismar vərdişləri də avtomobilin uzunömürlülüyünə təsir edir. Bakı şəhərində sıx tıxaclarda hərəkət edən avtomobillə əsasən magistral yollarda istifadə olunan avtomobilin istismar şəraiti eyni deyil. Davamlı dayanıb-hərəkət etmə, mühərrikin uzun müddət işləməsi, sürətlər qutusunun yüklənməsi və texniki xidmətin gecikdirilməsi avtomobilin gələcək vəziyyətinə təsir göstərə bilər.
Xüsusilə taksi fəaliyyəti üçün istifadə olunmuş avtomobillərin alınması zamanı yalnız odometr göstəricisinə deyil, mühərrikin iş saatlarına və ümumi texniki vəziyyətinə də diqqət yetirilməlidir. Fikrimcə, avtomobil almaq istəyən şəxs ilk növbədə öz ehtiyacını düzgün müəyyən etməlidir. Əgər avtomobil gündəlik şəhər istifadəsi üçündürsə, qənaətcil, ehtiyat hissələri əlçatan və texniki xidməti münasib olan modellərə üstünlük verilməsi daha məqsədəuyğundur. Əgər avtomobil ailə üçün alınırsa, təhlükəsizlik, salonun genişliyi, baqaj həcmi və uzunmüddətli etibarlılıq əsas meyarlar olmalıdır. Əgər vətəndaş avtomobili iki-üç ildən sonra dəyişməyi planlaşdırırsa, bu zaman ikinci əl bazarında tələbatı yüksək olan modelləri araşdırmalıdır. Avtomobili uzun müddət istifadə etmək istəyən şəxs isə yalnız gələcək satış qiymətinə deyil, ümumi istismar xərclərinə də diqqət yetirməlidir. Burada başqa bir yanlış yanaşma da var. Bəzi alıcılar düşünürlər ki, bahalı avtomobil mütləq daha az dəyər itirəcək. Əslində isə bu, belə deyil. Bahalı avtomobilin faizlə dəyər itkisi bəzən münasib qiymətli avtomobillə eyni olsa da, manat ifadəsində itirilən məbləğ xeyli yüksək ola bilər. Məsələn, 30 min manatlıq avtomobil 20 faiz ucuzlaşdıqda 6 min manat, 100 min manatlıq avtomobil eyni faizlə ucuzlaşdıqda isə 20 min manat dəyər itirir. Bu səbəbdən avtomobilin qiymət itkisini həm faizlə, həm də real pul ifadəsində hesablamaq lazımdır. Digər mühüm məsələ avtomobilin hansı qiymətə alınmasıdır. Hətta bazarda etibarlı və tələbatlı hesab edilən model də real bazar dəyərindən xeyli baha alınarsa, sonradan sahibinə ciddi maliyyə itkisi yaşada bilər. Əksinə, texniki vəziyyəti yaxşı olan və münasib qiymətə alınmış avtomobilin gələcək satışında itki daha az ola bilər. Ona görə də avtomobil alarkən emosional qərarlardan uzaq durmaq, reklam kampaniyalarına, yalnız xarici görünüşə və ya zəngin komplektasiyaya aldanmamaq lazımdır. Xüsusilə yeni bazara daxil olan markaların avtomobillərini alarkən rəsmi nümayəndəliyin mövcudluğu, zəmanətin müddəti və əhatə dairəsi, ehtiyat hissələrinin təminatı, proqram yenilənmələrinin əlçatanlığı və zəmanətin növbəti sahibə keçib-keçməməsi əvvəlcədən dəqiqləşdirilməlidir. Kreditlə avtomobil alan vətəndaşlar isə əlavə olaraq faiz xərclərini, sığortanı və digər ödənişləri hesablamalıdırlar. Çünki avtomobilin bazar dəyəri azalarkən kredit üzrə qalıq borcun yüksək olması sahibini əlavə maliyyə çətinliyi ilə üzləşdirə bilər. Son olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda avtomobil bazarında daha sürətli dəyər itkisi riski əsasən ikinci əl bazarında hələ kifayət qədər tanınmayan yeni modellərdə, servis və ehtiyat hissələri infrastrukturu məhdud olan markalarda, bəzi yüksək qiymətli premium avtomobillərdə, texnologiyası sürətlə yenilənən elektrik avtomobillərində və ciddi qəza tarixçəsi olan nəqliyyat vasitələrində daha yüksək ola bilər. Bununla belə, hər hansı markanın bütün modellərini ümumiləşdirərək onların mütləq sürətlə ucuzlaşacağını demək düzgün deyil.
Qiymət itkisi konkret model, istehsal ili, komplektasiya, texniki vəziyyət, alış qiyməti və bazardakı tələb-təklif balansı əsasında qiymətləndirilməlidir. Hesab edirəm ki, avtomobil bazarında istehlakçıların maarifləndirilməsi gücləndirilməli, ikinci əl avtomobillərin texniki vəziyyətinin şəffaf qiymətləndirilməsi, yürüş və qəza tarixçəsinin yoxlanılması imkanları genişləndirilməlidir. Vətəndaş avtomobil alarkən onun yalnız bu gün necə göründüyünü deyil, sabah hansı texniki xərclər yaradacağını və gələcəkdə hansı qiymətə satıla biləcəyini düşünməlidir. Çünki düzgün avtomobil seçimi yalnız rahat və təhlükəsiz hərəkət etmək deyil, eyni zamanda ailə büdcəsini qorumaq deməkdir. Ən sərfəli avtomobil mütləq ən ucuz alınan avtomobil deyil. Ən sərfəli avtomobil təhlükəsizliyi, etibarlılığı, istismar xərcləri və gələcək satış dəyəri arasında düzgün balans yaradan avtomobildir".


